Bu fikirlər “Türkiyə” qəzetinin Azərbaycanın işğaldan azad olunan ərazilərindən hazırladığı reportajda əksini tapıb.
Müəllif yazır ki, dünya birliyi uzun illər Qarabağda yaşananlara göz yumub: “Əgər qətliamlar davam etsəydi, bundan sadəcə Türkiyə və Pakistan üzüləcəkdi, dünya birliyi baş verənləri heç vecinə belə almazdı”.
Daha sonra Rusiyanın münaqişənin həllində yarıtmaz fəaliyyətinə toxunulub və vurğulanıb ki, Kreml Azərbaycanın belə bir zəfər qazanacağını gözləmirdi: “Türkiyə istehsalı olan silahlar və Türkiyə ordusunun təcrübəsi müharibənin gedişatını dəyişdirəndə ruslar tələsik bölgəyə daxil oldular. Bir gecədə bölgəyə sülhməramlı qismində 2 000 əsgər gətirildi. Əslində, müharibədən sonra imzalanan 10 noyabr bəyanatı bölgəyə sakitlik gətirə və indi bir çox məsələlər həll oluna bilərdi. Təəssüf ki, ermənilər diasporun təkliflərinə aldandılar və üçtərəfli bəyannaməni nəzərə almadılar”.
Laçın yolu ilə dərman və yeməkdən çox silah və siqaret daşınıb
Müəllif qeyd edib ki, indi əsas mövzu Laçın yoludur və bura illərdir humanitar yardım üçün açıqdır: “Ancaq bu yolla dərman və yeməkdən çox silah və siqaret daşınıb. Ağdam-Xankəndi yolu ilə humanitar yardımların daşınması barədə razılıq olsa da, bu, yerinə yetirilmədi. Biz rayonda olarkən Xankəndidən Laçın yolu ilə onlarla erməninin rahatlıqla Ermənistana keçdiyinin şahidi olduq. Heç kim heç nə demir, rahatlıqla keçir, hətta çamadanlarını da aparırlar.
Azərbaycanlılar deyir ki, “Bizə qarşı cinayət törətməsəydilər, əlləri qana batmasaydı, amnistiya tətbiq edərdik”. Ruben Vardaryan Qarabağla heç bir əlaqəsi olmayan oliqarxdır. Araik Arutyunyan “Gəncə və Bərdəyə hücum əmrini mən vermişəm” deyən terrorçudur. Amma qəribədir ki, onlar hələ də Qərb tərəfindən qorunur”.
Daha sonra vurğulanıb ki, azərbaycanlılar külli miqdarda pul xərcləyib əla magistral yollar salıblar. Ağdamın çıxışında ermənilər (və ruslar) yola beton bloklar yığıb. Rusiya guya müşahidəçidir, lakin keçmiş qırğınların əksəriyyətində onun imzası var. Söhbət 366-cı alaydan gedir: “Xalqının əmin-amanlığını, rifahını istəyən Prezident İlham Əliyev müqavilələr imzalayır, gələcəyə baxır. Azərbaycanlılar deyirlər ki, Nyu-York olsun, Brüssel olsun, Moskva olsun, harada oldu, oturub danışaq. Cəmi 5 şərt var: Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaq. Gələcəkdə heç kim heç kimdən torpaq tələb etməyəcək. Qarşılıqlı səfirliklər açılacaq, diplomatiya başlayacaq. Nəqliyyat və rabitə təmin olunacaq, humanitar məsələlər üzrə birgə komissiya yaradılacaq”.
Qeyd olunub ki, Birinci Qarabağ müharibəsində ermənilər bölgədə yaşayan 4 min azərbaycanlını əsir götürüblər. Otuz il keçib, onların nə ölmələri, nə də sağ olmalarından xəbər var. İrəvan bu barədə bir kəlmə də demir. Qarabağ erməniləri iki qrupdur, bəziləri barışıq tərəfdarıdır, sıxışdırılır, təhqir olunur, hətta həbs edilir. Digər qrup isə kompüterin qarşısında çox aqressiv oturub yalan xəbərlər yayır.
“Qarabağ erməniləri yanacaq yoxdur, deyə ağlayır, sonra 45 avtobusla mitinqə gedirlər”
“Qarabağ ermənilərinin heç bir hüququ əngəllənmir. Toy edib videolar çəkir, restoranlardan və əyləncə məkanlarından şəkillər paylaşırlar. Yanacaq yoxdur deyə ağlayır, sonra 45 avtobusla mitinqə gedirlər. Azərbaycan da onları qeydə alır və beynəlxalq məhkəmələrdə sübut kimi istifadə edir. Ola bilsin ki, iki tərəf danışıb razılığa gələ bilər, amma Rusiya, ABŞ, İran və Fransa ekstremistləri təhrik edir və inteqrasiyanın qarşısını alır. Ağdamdan Xankəndiyə gedən yol genişdir, üstəlik, magistral və dəmiryolu var. Zəngəzur yolu Naxçıvanı Azərbaycanla birləşdirəcəkdi, İran bunun qarşısını almaq üçün əlindən gələni etdi. Azərbaycanlılar sözügedən xəttin özlərinə düşən hissəsini tamamlayıblar, Ermənistan isə hələ barmağını belə qaldırmayıb. Onlar cəmi 42 km məsafə qət etməlidirlər. Hələ bünövrəsini belə qoymayıblar”, - müəllif yazıb.
“Ermənilər BTC-dən istifadə etsəydilər, indi oturduqları yerdə pul qazanardılar”
O da xatırladılıb ki, “əgər ermənilər vaxtında Bakı-Tbilisi-Ceyhan və TANAP layihələrində iştirak etsəydilər, indi oturduqları yerdə pul qazanardılar. Bəs indi nə oldu? Ermənistan yan keçdi, Gürcüstan qalib gəldi. Bu dəhliz təkcə avtomobil və dəmir yolu nəqliyyatı deyil, həm də enerjiötürücü xətti olacaqdı. Qəribədir ki, Azərbaycan bütün ev tapşırıqlarını yerinə yetirsə də, təzyiq altındadır. Bu əməliyyat azərbaycanlılara öz dost və düşmənlərini göstərdi, İran ermənilərin yanında yer aldı. Türkiyə və Pakistan sona qədər Azərbaycanın yanındadır. Türkiyə azərbaycanlı qardaşlarını tək qoymur. Həm tikintini sürətləndirir, həm də onların səsini xarici dünyaya çatdırır”.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın işğalını heç vaxt qəbul etmir
Sonda vurğulanıb ki, azərbaycanlılar Rusiyanın qarşısında aciz deyillər. Onlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın işğalını heç vaxt qəbul etmir: “Bildiyiniz kimi, hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Amma ermənilər lazım olan malları üçüncü ölkələrdən alıb ruslara satırlar. Bu günə kimi işğaldan azad olunan torpaqlarda 65 min mina təmizlənib. Ağdam 30 min əhalisi olan şəhər idi, indi heç nə qalmayıb. Nə Cəbrayıl, nə Füzuli, nə kəndləri qalıb. Qarabağ erməniləri azərbaycanlıların malikanələrində yerləşiblər. Azərbaycan silahlı hücumlara cavab verir. Ermənilər sonra da hay-küy salırlar ki, mülki əraziyə hücum ediblər. Qardaş nə ərazi? Şəhərlər xarabalığa çevrilib - nə şüşəsi, nə damı, qapısı, pəncərəsi, bir divar belə qalmayıb. Yenidən qurulan kəndlərə gəldikdə, keyfiyyətlə inşa edilib. Zəngilanın Ağalı kəndində su, işıq, qaz, kənd təsərrüfatı alətləri var. İnanın ki, onların məktəbləri gül kimi, həsəd aparılacaq formadadır”. (Report)