Bununla yanaşı, Laçında fəaliyyət göstərən müəssisələrdə də xeyli yerli sakin işləyir. Belə müəssisələrdən biri də şəhərdən 8 kilometr məsafədə, Zerti kəndində yerləşən aqro və sənaye parkıdır. Burada qısa müddətdə bir sıra müəssisələr, o cümlədən mebel fabriki fəaliyyətə başlayıb.
“Laçın Abadlıq” ASC-nin direktor müavini Elnur Abdullayev bildirib ki, mebel fabriki iki hissədən ibarətdir və hər biri 2400 kvadratmetr olan binalarda istehsalat üçün bütün şərait mövcuddur. Burada quraşdırılan və ən müasir standartlara cavab verən Türkiyə istehsalı olan avadanlıqlarla müxtəlif növ mebellər yığılır. “Hazırda fabrikdə 54 nəfər çalışır ki, onların da 42-si Laçın sakinidir. İş həcminə görə gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Həmçinin dizayner və digər istiqamətlər üzrə kadr hazırlığı məqsədilə daxili resurlar hesabına kursların təşkili nəzərdə tutulur. Fabrik sifarişdən asılı olaraq mebelləri istehsal etməklə yanaşı, həm də interyer-dekor işlərini də yerinə yetirmək imkanına malikdir".
Malik Qəhrəmanov da hazırda mebel fabrikində çalışan Laçın sakinlərindəndir. O, Laçında doğulub boya-başa çatıb, 1-ci Qarabağ müharibəsində şəhərin müdafiəsində iştirak edib. Deyir ki, uzun illər həsrətində olduğumuz Laçına qovuşmaqla bərabər, burada çalışmaq da qürurverici hisdir: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində Laçınımıza qovuşmuşuq. Əvəzolunmaz hisslərdir, bizlər üçün fəxrdir ki, Laçındayıq, burada çalışırıq. İşçi yoldaşlarım da laçınlılardır, hətta döyüşdə bir yerdə olduğumuz yoldaşlardan da burada işləyənlər var. Laçın həqiqətən laçın çağlarına qayıdır. İnanırıq ki, gələcək nəsillər burada daha firavan yaşayacaq, çünki Laçınımızın xoşbəxt günləri hələ qabaqdadır”.
Müəssisənin digər işçisi ilə söhbət edirik. Adı Bəhluldur. O da Laçın sakinidir. Uzun illər yurd həsrəti ilə yaşayıb, amma indi özünün ən böyük arzusuna çatıb. "31 ildən sonra Vətənə qovuşduq, bu, bizə ən böyük hədiyyədir. Laçına qayıdanda hiss etdim ki, bir vaxtlar burada yarım qalan xatirələrimiz, xoşbəxt günlərimiz yenidən başlayır. Prezidentimizə, ordumuza təşəkkür edirik ki, bu xoşbəxt günləri bizlərə bəxş etdilər. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm” , - deyən Bəhlul Cəfərov mebel fabrikində bir neçə aydır işləyir. Deyir ki, qısa müddətdə çoxlu mebel istehsal ediblər.
“Burada işçilər üçün bütün şərait yaradılıb, işimizi sevərək yerinə yetiririk. Çünki illərdir həsrətində olduğumuz Laçın üçün çalışırıq və inanırıq ki, bu, bizim gözəl günlərimizin başlanğıcıdır”, - deyə o əlavə edib. (AZƏRTAC)