21.09.2024, 07:20
AZ EN
20.06.2023, 13:39 340

“Qucağımızda çıxardığımız körpələr Qarabağı bizə qaytardılar” – Laçında Nəsibovlar ailəsindən reportaj

ŞƏRQİ ZƏNGƏZUR
  • 31 ildən sonra səhərimizi Laçında açdıq. Bu hissi, bu sevinci sözlə ifadə etmək mümkün deyil... Gecə yata bilmədim. Səhərə qədər uşaqlıq xatirələrim gözümün qarşısında canlandı. Qonşularım bir-bir gözümün qarşısından keçdi.

Bunu Laçında keçmiş məcburi köçkün, Laçına qayıtmağın sevincini yaşayan şəhər sakini Azad Nəsibov söyləyib.

Nəsibovlar ailəsinin başçısı Azad dayı uşaqlıq illərini yada salır. Dolambac yolu göstərərək deyir: “Bax, bu yolla məktəbə gedib-gəlmişəm. Burada çox yıxılmışam-qalxmışam, sınıqlarım da olub...”.

Bu günü uzun illərdir həsrətlə gözlədiyini söyləyən həmsöhbətimiz Laçına qayıdarkən həm sevindiyini, həm də kədərləndiyini bildirir. “Sevinirəm ona görə ki, 31 ildən sonra doğma torpağımıza qovuşduq. Allah Prezidentimizin başını uca eləsin, bayrağımız daim ucada dalğalansın! Şəhidlərimizə də rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm. Onların sayəsində bu torpağa qovuşduq. Amma kədərliyəm. Ona görə ki, uşaqlıq xatirələrimizdən uzaq düşdük, əzizlərimizi, axtardıqlarımızı tapa bilmədik, şəhidlərimizin qanı töküldü. Bunlar canlanır gözümüzdə”.

20 Yanvar hadisələrinin canlı şahidi, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Azad dayı bu torpaqlardan uzaq düşmələrinin səbəbindən də danışır. Deyir ki, düşmənlərimizin mənfur niyyəti, havadarlarının köməyi və o dövrdə ölkəmizdəki hərc-mərclik, xaos nəticəsində Laçından ayrı düşdülər. Valideynləri Laçından çıxsalar da, o, Laçında qalaraq düşmənlə döyüşüb: “Mənim 1 yaşında buradan çıxardığım oğlumun indi 32 yaşı var. Qucağımızda apardığımız körpələr Qarabağı bizə qaytardılar! Bu günə çox şükürlər olsun! Mən gənclərimizlə fəxr edirəm!”.

Laçın şəhərinin öz sakinlərini gözəl ab-hava ilə qarşıladığını söyləyən Azad Nəbiyev bir neçə gündən sonra doğma yurdunda 58 yaşını qeyd edəcək. “Bizə evlərin açarları təqdim olunandan sonra evə qədər piyada gəldim, qonşularımla görüşdüm. Milli Qəhrəmanımız İsrafil Məmmədovun evinin yanında ayaq üstə dura bilmədim, dizlərim büküldü. Evlər ermənilər tərəfindən dağıdılıb, sanki soyqırımına məruz qalıb. Dünya ermənilərin bu vandalizmini görür. Onlar buranı yerlə-yeksan ediblər. Sağ olsun dövlətimiz, hökumətimiz bu gözəl Laçını yenidən öz laçın çağlarına qaytarırlar. Bura mənim ata evimdi, ermənilər buranı da dağıtmışdılar. Bu evdə 7 uşaq olmuşuq. Anamın təndiri var idi. Bax bura isə bizim bağımız idi, gözəl meyvə ağacları vardı. Şükürlər olsun bu günə, indi daha da abadlaşıb, gözəlləşib. Mənim oğlum minatəmizləmə işi ilə məşğuldur. Çox istərdim ki, oğlum geridə qalan hərbi xidmətini elə Laçın dağlarında davam etdirsin”.

Azad dayının həyat yoldaşı Gülşən xanımla söhbət edirik. O da qarışıq hisslər keçirdiyini söyləyir. 22 yaşında çıxdığı Laçına 53 yaşında qayıdıb. Bu günə də şükür edir. “Bura qayıdanda yol kənarında “Laçın” yazısını oxuyanda çox həyəcanlandım. Şəhidlərin tökülən qanları gəldi gözümün önünə. Bizi şəhidlərimizin ruhu qarşıladı. Laçın sevinir. Sevinir ki, sakinləri qayıdıblar. Laçındakı evimizdə ilk səhəri açmaq çox gözəl idi. Hava çox təmizdir. Dağların dumanı, çiskini kövrəltdi məni. Qədrini bilməmişik... İndi düşünürəm ki, biz nələr itirmişik... Elə bil ki, bu günü, bu səhəri 31 il əvvəl deyil, 100 illərlə gözləmişik”, - deyir.

Gülşən xanım bildirir ki, Laçından çıxanda qayınanasının və qayınatasının çarpayılarını, cehizlik sandığını, köhnə kreslolarını da götürmüşdülər, indi onları da geri qaytarıb: “Çalışacağam ki, əvvəlki evimiz necə idi, indiki də cür olsun. Bunları da öz yerlərinə qoyacağam”.

Nəsibovlar ailəsi Bərdədə məskunlaşmışdılar. Gülşən xanım 2003-cü ildən Ağdamın Güllücə kəndində musiqi müəllimi işləyib: “Çox yaxşı kollektivimiz və direktorumuz vardı. Dərs dediyim uşaqların səsi indi konservatoriyadan gəlir. Bu, mənim üçün fəxrdir. Ümumiyyətlə, Bərdə və Ağdam camaatından çox razıyıq. Bu camaat bizdən qayğısını əsirgəmədi.

Laçında musiqi məktəbi açılsa, məmnuniyyətlə burada da işləyərdim”.

Beləliklə, Nəsibovlar ailəsi kimi Laçına köçən digər ailələr də öz evlərinə yerləşməklə məşğuldurlar. Kimisi onlar üçün əziz olan köhnə əşyalarını yeni evlərinə yerləşdirir, kimisi həyət bacada iş görür. Yaşlılar cavanlarla xatirələrini bölüşür, gənclər isə ilk dəfə gördükləri füsunkar Laçının təbiətini seyr edir, şəhidlərin qanı bahasına azadlığına qovuşan doğma yurdlarına qayıdışın sevincini yaşayırlar. (AZƏRTAC)

Oxşar xəbərlər