Zəngəzur dəhlizi həm də regionun iqtisadi dirçəlişində önəmli rol oynayacaq. Orta dəhlizin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ikinci əsas qolu kimi fəaliyyət göstərəcək Zəngəzur dəhlizi bir neçə strateji üstünlüyə malikdir. İlk növbədə İrana gedən dəmir yolu xətti yenidən canlanacaq ki, bununla da Rusiya-Bakı-Ağbənd-Naxçıvan-Culfa xətti ilə Fars körfəzinə çıxış əldə olunacaq. Ağbənd qəsəbəsində Azərbaycanın maliyyə vəsaiti hesabına tikilən körpü Naxçıvana ikinci alternativ yol açır. Muxtar Respublika ərazisindəki 190 kilometrlik dəmir yolu şəbəkəsinin yenidən qurulması sürətlə davam edir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu da Zəngəzur dəhlizində strateji əhəmiyyətə malik olan önəmli layihədir. Yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilən Zəngəzur avtomobil yolunun ümumi uzunluğu 149,9 kilometr, əsas yolun uzunluğu isə 123,6 kilometr, eni 14-21 metr arasında dəyişir. Torpaq yatağının eni 21.5-29.5 metr, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib. Layihə çərçivəsində 261 boru (16 814 metr), 55 alt keçid (3781 metr) və 28 körpü (2090 metr) inşa edilir. Yol boyunca 3 tunel də tikilir, bu tunellərin ümumi uzunluğu isə 12032 metrdir.
Zəngəzur dəhlizinin tikintisindəki mühüm layihə komponentlərindən biri tunellərdir. Tunellər üzrə tikinti işləri artıq böyük ölçüdə tamamlanıb. Layihə üzrə ümumilikdə 28 körpü tikilir, bunlardan 16-sı suötürücü, 12-si isə yolötürücüdür. 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir. Həmçinin alt keçidlərin, 258 dairəvi, 42 düzbucaqlı boruların tikintisi də sona çatdırılıb.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası planlaşdırılır. Böyük qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq. Həmin vaxtadək 140 min keçmiş məcburi köçkün dədə-baba yurduna qayıdacağı gözlənilir.
Röya SALMANQIZI