04.02.2026, 09:26
AZ EN
21.01.2026, 14:27 244

Qarabağın minalanmış əraziləri intensiv meyvə bağlarına çevrilir

ŞƏRQİ ZƏNGƏZUR
  • Qırx dörd günlük Vətən müharibəsindən cəmi səkkiz gün sonra Qarabağda irimiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. İlk mərhələdə əsas diqqət infrastrukturların bərpasına, xüsusilə avtomobil yolları və elektrik xətti kimi həyati əhəmiyyətli layihələrə yönəldi. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması isə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlərin yerinə yetirilməsi  üçün hüquqi  bazanı təmin etdi.

Həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə olunmaqla bölgənin inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid Dövlət Proqram əsasında  aparılır. Məhz bunun əsasında Ali Baş Komandan Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq tədbirlərinin “Yol xəritəsi”ni elan etdi. Burada iqtisadiyyatın digər sahələri kimi, kənd təsərrüfatı sektorunun da dirçəldilməsini nəzərdə tutan çeşidli layihələrin icrası planlaşdırılıb.

Yeri gəlmişkən, Qarabağ iqtisadi rayonuna daxil olan bölgələr əlverişli hava şəraitinə, suvarma suyunun bol olmasına, münbit torpaqlarına görə kənd təsərrüfatı, o cümlədən taxılçılığın və bağçılığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdi. Düşmən 30 ildən artıq bu torpaqları talan etməklə yanaşı burada bəşəri cinayətlər  törətdilər. Məhz buna görə də Qarabağın geniş düzənlikləri, ucsuz-bucaqsız çölləri minalarla daha çox çirkləndirilib. Azad edilmiş bəzi ərazilərin az qala hər qarışı mina və partlalamamış döyüş sursatları ilə “zəngindir”. Bu isə bərəkətli Qarabağ torpaqlarını istifadəyə yayarlı hala gətirmək üçün xeyli vaxt və vəsait tələb edir.

Əkinə yararlı torpaqlar ölüm saçan minalardan təmizləndikdən sonra şumlanır, toxum səpilir, meyvə tingləri əkilir. Başqa sözlə, 30 ildən artıq minaların gizlədildiyi çalalar indi ümid və həyat nöqtəsinə çevrilir. 2024-cü ildə yaradılan "Zəfər bağları" MMC Qarabağ ərazisində yeni bağların salınması və mövcud olan bağların bərpası ilə məşğuldur. Aqrar Subsidiya Şurası Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, bu sahənin təşviq edilməsi məqsədilə və regionlarda  fəaliyyət göstərən fermerlərin bağçılığa həvəsləndirilməsi məqsədilə yeni salınacaq armud bağlarının hər hektarına 800 manatdan 8000 manatadək  subsidiya verilir. Buraya 1 sentyabr 2024 - 31 may 2025-ci il aralığında salınan armud  bağları da daxildir.

Subsidiyalaşdırma proqramının icrası zamanı işağldan azad edilmiş ərazilərdə yaradılan təsərrüfatlara  daha  çox diqqət  yetirilir. Belə ki, Qarabağ iqtisadi rayonunda armud bağlarına birdəfəlik əkin subsidiya ən azı 3 hektar sahədə salınmış təsərrüfatlara şamil olunur. Şərtlərə görə, bu kateqoriyadan olan əkilən tinglər bitki sağlamlığı cəhətdən müəyyən edilmiş tələblərə cavab verməlidir.

İntensiv meyvə bağları “Aqrar sığorta haqqında” qanuna müvafiq olaraq sığortalanmalıdır.  Həmçinin bu təsərrüfatlar müasir  suvarma sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 2450  sertifikatlı ting əkilməlidir. Belə olan halda həmin təsərrüfat  sahələrinə hektara görə 800 manat məbləğində subsidiya verilir.

Röya SALMANQIZI

 

Oxşar xəbərlər