18.10.2024, 14:17
AZ EN
22.10.2022, 14:30 168

Düşmənin yerlə bir etdiyi Zəngilan yenidən qurulur

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad edilən Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan yeni obyektlər bu qədim Azərbaycan diyarının dirçəlməsindən xəbər verir.

Səfərimiz Şərqi Zəngəzuradır. Müşahidələrimiz deməyə əsas verir ki, işğaldan azad olunan ərazilər böyük tikinti meydançasını xatırladır. Şərqlə Qərbi birləşdirəcək dəmir yolu xətti və avtomobil yolu bir-birinə paralel vəziyyətdə inşa olunur. Ölkə rəhbərinin izi ilə yollandığımız səfərdə ilk dayanacağımız Böyük Qayıdışın ilk qaranquşu olan bağ-bağatlı Ağalı kəndidir. Qeyd edim ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilana səfər zamanı Ağalıda da olub, yeni tikilən məktəbin kollektivi və sakinlərlə görüşüblər.

Ağalı sakinləri həmin günü unutmayacaqlarını bildirirlər. Məktəb direktoru Nərmin Həsənova deyir ki, Prezidentin və birinci xanımın Ağalıya qonaq gəlməsi kənd sakinləri üçün tarixi bir gündür: “Zəngilanın işğaldan azad olunduğu günün ikinci ilində qapımızı Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açdı. Məktəbimizin kollektivi üçün bu anlar unudulmaz bir gün olaraq yaddaşımızda qalacaq. Bizimlə çox səmimi şəkildə söhbət etdilər, şagirdlərimizin təhsili ilə maraqlandılar, məktəbimizlə ətraflı tanış oldular. Biz bu görüşdə rəhbərimizin və xanımının bizlərə olan qayğı və diqqətini bir daha əyani şəkildə hiss etdik. Görüşün sevincini yaşayan şagirdlərimiz bu tarixi anların iştirakçısı olduqları üçün özlərini xoşbəxt hiss edirlər”.

1993-cü ildə Zəngilandan məcburi köçkün düşən və uzun illər Vətən həsrəti ilə yaşayan Ağalı sakini Həyat Namazova indi öz doğma torpağında yurd salıb. O da ölkə rəhbəri ilə görüşün xoş təəssüratı içindədi. “Bu torpaqlara Prezidentimizin iradəsi, şanlı Ordumuzun gücü sayəsində qayıtdıq. Çox qısa zamanda ard-arda sevincli günlər yaşadıq. Ağalıda ən sevincli günümüzdən biri də ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşümüz oldu. Azad Ağalımızda belə tarixi günləri bizlərə yaşatdığı üçün minnətdarıq”, - deyə Həyat Namazova söyləyib.

“Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalıda “Arximed” turbin tipli su elektrik stansiyası da yaradılıb. Dövlətimizin başçısını işə saldığı bu stansiya kəndin elektrik enerjisinə olan tələbatını tam ödəmək gücündədir. Həkəri çayı üzərində inşa olunan elektrik stansiyası üç hidravlik turbindən və müvafiq hissələrdən ibarətdir. Stansiyada üç generator quraşdırılıb.

Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir. Həmçinin balıqların “Arximed” turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Şərqi Zəngəzurun hava qapısı sayılan məkan - Zəngilan Beynəlxalq Hava Limanı da artıq fəaliyyət göstərir. Hava limanının istifadəyə verildiyi tarix - oktyabrın 20-si Azərbaycan tarixinə də qızıl hərflərlə düşdü. Belə ki, bu əlamətdar hadisə - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirildi.

Limanın direktoru Vüqar Həsənovla söhbət zamanı bildirib ki, aeroport bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Uçuş-enmə zolağı asfalt-beton örtüklüdür və uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Perronun sahəsi 60 min kvadratmetrə bərabərdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan yaradır.

Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. (AZƏRTAC)

Prezidentimizin Zəngilana səfəri zamanı təməli atılan obyektlər arasında şəhərin mərkəzində salınacaq məhəllədə ilk yaşayış binası da var. Ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.

Bundan başqa, Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının da təməli atılıb. Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcək. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq.

Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfər çərçivəsində rayonda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etmələri də unudulmaz anlardan idi. Bu aqropark Zəngilanın iqtisadi inkişafında mühüm rol oynayacaq. Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.

“Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış heyvanlardan alınan ət məhsullarının paketlərinin üzərinə “Made in Qarabağ” etiketləri vurulur.

Aqroparkın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdirilir. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.

Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. “Ağıllı kənd təsərrüfatı” texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

Beləliklə, Prezidentin izi ilə səfər etdiyimiz Zəngilan bu gün yenidən qurulur, düşmənin yerlə bir etdiyi binalar müasir üslubda tikilir, “ağıllı” konsepsiya əsasında kənd və qəsəbələr, məhəllələr salınır. Görülən işlər qısa müddətdə Zəngilanın bölgənin inkişaf etmiş müasir diyarına çevriləcəyini deməyə əsas verir.

Oxşar xəbərlər