Bu barədə eksklüziv açıqlamasında “Holcim Azərbaycan” ASC-nin layihə şöbəsinin rəhbəri Araz Bəndəliyev məlumat verib.
Cari ilin may ayında Prezident İlham Əliyev tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında “Holcim Azərbaycan”ın zavodunun təməlinin qoyulduğunu xatırladan A.Bəndəliyev deyib: “Layihə uğurla həyata keçirilir. Birinci mərhələ sement terminalından ibarətdir və layihənin ilk hissəsi gələn il təhvil veriləcək. Bundan başqa, mərkəzdə beton və beton məmulatları zavodunun, quru qatqılar zavodunun, anbar və satış nöqtələrinin yaradılması da nəzərdə tutulub. Layihənin gerçəkləşdirilməsi üçün sənaye parkında 5 hektar ərazi ayrılıb. Zavodun dəmir yolu xəttinin kənarında yerləşməsi də çox böyük əhəmiyyətə malikdir. Həmin xətt vasitəsilə sement buradakı terminala gətiriləcək ki, bu da hava şəraitindən asılı olmadan azad olunan ərazilərə daha asan sement çatdırılmasına imkan verəcək. Hazırda iki saxlama yeri var, bunlar da 2 min ton tutuma malikdir. Gələcəkdə isə daha 2 saxlama yerinin quraşdırılması nəzərdə tutulub”.
İndi zavodun tikintisində 15-ə yaxın işçi çalışır. İstehsal fəaliyyətə başladıqda isə burada yerli sakinlər olmaqla, 25 nəfər işlə təmin ediləcək. (AZƏRTAC)