Ötən ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması oldu.
Tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist Hacı Nərimanoğlunun “Füyuzat” nəşriyyatında yeni çapdan çıxan “Şərqi Zəngəzur” kitabında 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Şərqi Zəngəzur bölgəsinə daxil olan rayonların hər birinin uzaq və yaxın keçmişi, iqtisadi potensialı, təbii sərvətləri, I və II Qarabağ müharibələrinin tarixi ayrı-ayrı oçerklərdə əks olunub.
220 səhifəlik rəngli nəşrdə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şərqi Zəngəzur bölgəsinə səfərləri, fəaliyyət proqramlı çıxışlarında qarşıya qoyulan vəzifələrə həsr olunmuş materiallar xüsusi yer tutur.
Zəngəzur mahalının tarixi keçmişi, hazırda işğaldan azad edilmiş bölgələrdə aparılan genişmiqyaslı tikinti, quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastrukturlarının yenidən dirçəlişi, Şərqi Zəngəzurun gələcək mənzərəsi, inkişaf perspektivləri kitabda sənədlər, foto-informasiya, analitik təhlillərlə qələmə alınıb. Müəllifin Vətən müharibəsinin ilk günündən başlayaraq yazdığı, KİV-də yayılan hərbi-vətənpərvərlik motivli məqalələrinin bir hissəsi də kitaba daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində buraxılan kitabda keçmiş məcburi köçkün vətəndaşlarımızın doğma dədə-baba yurdlarına qayıdışına mənəvi dəstək nəşrdə əsas məqsəd, ümdə qayə olaraq qırmızı xətt kimi keçir.
Filologiya elmləri doktoru, professor Əliağa Cəfərovun redaktorluğu və ön sözü ilə buraxılan nəşr Şərqi Zəngəzur bölgəsinin tarixinə və bu gününə həsr olunmuş ilk elmi, publisistik kitabdır.
Kitabın nüsxələri işğaldan azad edilmiş rayonlar ilk sırada olmaqla, respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına paylanılır. (AZƏRTAC)