"Vətən səsi" xəbər verir ki, həmin kənddə evlərin və sosial obyektlərin alternativ enerji mənbələri, yəni günəş panelləri ilə təchiz edilməsi nəzərdə tutulub. Bu, işğaldan azad edildikdən sonra yenidən qurulan Şükürbəyli kəndinin elektrik enerjisi ilə dayanıqlı və etibarlı qaydada təmin olunmasına zəmin yaradacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə "Yaşıl enerji" mənbələrindən istifadə prioritet vəzifə kimi müəyyən edilib. Bərpa olunan enerji mənbələri ilə zəngin olan həmin ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir.
Bundan başqa, yerli su ehtiyatların 25 faizə qədəri Qarabağ və Şərqi Zəngəzur Zonasının payına düşür. Bu isə işğaldan azad olunmuş ərazilər geniş hidroenerji potensiala malikdir. Hazırda bölgənin enerji təminatının daha da səmərəli təşkili məqsədilə həmin ərazilərdə yeni su elektrik stansiyalarının qurulması üçün araşdırmalar aparılır. Eyni zamanda bu ərazilərdə mövcud olmuş su elektrik stansiyalarının bərpası istiqamətində işlər davam etdirilir.
Elxan SALAHOV