"Vətən səsi" xəbər verir ki, hazırda bu rayondan olan sakinlər üçün inşa olunan çoxmənzilli binalardan ibarət yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Yeni salınan məhəllədə son tamamlanma işləri aparılır. Artıq binaların fasadlarında da təmir işləri yekunlaşır.
Bərpa proqramına uyğun olaraq, Cəbrayıl şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə məhəllədə yarımstansiya da tikilir. Məhəllənin mərkəzi hissəsində isə uşaqlar üçün idman-əyləncə kompleksi, o cümlədən mini-stadion qurulacaq.
Xatırladaq ki, Cəbrayıl şəhərinin mərkəzində salınan məhəllədə 33 yaşayış binası tikilir. Dörd və beş mərtəbədən ibarət binalarda ümumilikdə 712 mənzil olacaq. İnşaat işləri başa çatdıqdan sonra 2 min 158 keçmiş məcburi köçkün həmin binalarda məskunlaşacaq.
Elxan SALAHOV