08.09.2024, 05:39
AZ EN
24.07.2024, 13:22 245

Kəlbəcərdə bərpa və yenidənqurma işləri sürətlənir

ŞƏRQİ ZƏNGƏZUR
  • Ötən ilin payızında bərpasına başlanmış Kəlbəcər şəhərində yenidənqurma işləri sürətlə davam edir. Hazırda şəhərin mərkəzi hissəsində, o cümlədən Zəfər prospektində dördmərtəbəli yaşayış binalarının tikintisi ilə yanaşı, sosial infrastrukturun da yenidən qurulması işləri görülür.

"Vətən səsi" xəbər verir ki, hazırda rayon mərkəzində 960 yerlik məktəbin binası ilə pasralel olaraq, həmin təhsil ocağının həyətyanı sahəsində də abadlıq işləri görülür. Məktəb binasının tikintisi demək olar ki, başa çatmaq üzrədir, son tamamlanma işləri həyata keçirilir. Binanın dam örtüyü vurulur, fasadlarının təmirinə, eləcə də daxildə kommunikasiya xətlərinin qurulmasına başlanıb.

Çətin relyefə və tez-tez dəyişən hava şəraitinə baxmayaraq, Kəlbəcər şəhərində yaşayış binalarının, sosial və mədəni xidmət obyektlərinin qurulması dayanmadan davam etdirilir.

Kəlbəcər şəhərində tikilən məktəb binası dalğalı formada inşa olunub ki, bu da dalğalanan Azərbaycan bayrağını simvolizə edir. Ötən ilin mayında prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. Ümumilikdə 41 sinif otağından ibarət olacaq məktəbdə fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. Bunun üçün Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “Art-Proje” MMC arasında 16 milyon manatlıq müqavilə bağlanıb.

Xatırladaq ki, 2026-cı ilədək Kəlbəcərdə 15 yaşayış məntəqəsi bərpa olunacaq. Bu il rayonun daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi planlaşdırılır. Hazırda şəhərdə tikilən yaşayış binalarına birinci mərhələ 5 min 268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12 min 534 nəfərin köçürüləcəyi gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər