Bunu bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. Bildirib ki, tikinti və təmir işləri tam yekunlaşdıqdan sonra Cəbrayıl sakinlərinin doğma yurdlarına köçürülməsinə başlanılacaq:
“Artıq kənd sakinləri, bizim dost ölkəmiz Macarıstanla birgə Soltanlı kəndinin təməlini qoyduq. Bilirsiniz ki, son 30 il ərzindəişğaldan azad edilmiş ərazilərin hamısı dağıdılmışdı. Təəssüflər olsun ki, Cəbrayıl rayonu da dağıntılara məruz qalıb. Artıq bizim macar dostlarımız da gördülər ki, Soltanlı kəndi nə vəziyyətə salınıb. Son 3 il ərzində müharibədən dərhal sonra cənab Prezidentin tapşırığı ilə Şərqi Zəngəzurda və Qarabağda bərpa-quruculuq işləri həyata keçirilməyə başladı. Cəbrayılda da kifayət qədər böyük quruculuq və bərpa işləri həyata keçirilir. Artıq bildiyiniz kimi, Horovlu və Şükürbəyli kəndləri tikilməkdədir. Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 bina tikilməkdədir və inşallah, gələn il tikinti işləri yekunlaşacaq. Artıq Soltanlı kəndinin də tikintisini həyata keçirəcəyik. İnşallah, Soltanlı sakinləri də kəndə köçürüləcək və regionumuza, rayonumuza öz töhfələrini verəcəklər".
Vahid Hacıyev, həmçinin bildirib ki, bu gün təməli qoyulan Soltanlı kəndinin sakinlərinin işlə təmin olunması məsələsi də asanlıqla həyata keçiriləcək və bu istiqamətdə artıq bütün məsələlər öz həllini tapmaqdadır: “Soltanlı kəndi əsas strateji nöqtədə yerləşir. Bildiyiniz kimi, burdan əsas yollar - Horadiz-Cəbrayıl-Zəngilan avtomobil yolu, Horadiz-Ağbənd dəmir yolu keçir. Araz İqtisadi Zonasına daxil olan Araz vadisi burada yerləşir. Artıq Araz vadisinə böyük investorların investisiyaları qoyulmağa başlayıb. Əlbəttə ki, Araz vadisi Soltanlı kəndinin daxilindədir, burdan 5 kilometr məsafədədir. İnşallah, sakinlər həm də həmin iqtisadi zonada çalışacaq, regionumuzun inkişafına öz böyük töhfələrini verəcəklər”.
Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib. (APA)