İllər sonra Laçına qayıdan sakinlərimiz sevinc gözyaşları ilə doğma torpaqlarına geri dönürlər. Laçın Azərbaycanın dilbər guşələrindən biridir. Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasında yerləşən dağlar qoynundakı Sus kəndində də bu gün dayanmadan böyük quruculuq işləri həyata keçirilir.
Bu həmin Sus kəndidir ki, ermənilər ötən ilin avqust ayınadək burada qanunsuz məskunlaşmışdı. Laçın rayon mərkəzi, Zabux və Sus kəndi Azərbaycana təhvil veriləndə ermənilər kənddə əraziləri yandırmaqla onu viran qoyub sonra buradan köç etmişdilər...
Ancaq suyu, havası təmiz bu gözəl təbiətli kəndi indi doğma nəfəsdən isinir, gündən-günə canlanır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı Ramiz Həsənov İTV-nin Laçına ezam olunmuş müxbirinə bildirib ki, kənddə 59 ədəd birmərtəbəli fərdi evlər layihələndirilib və hazırda tikinti işləri davam etdirilir. Onlardan 13 ədəd ikiotaqlı, 28 ədəd üçotaqlı, 14 ədəd dördotaqlı, 4 ədəd isə beşotaqlı evlərdən ibarətdir. Kənddə 132 yerlik şagird və 50 yerlik uşaq bağçası da inşa edilir.
Sus kəndinin turizm potensialı da olduqca böyükdür. Həkəri çayının sahilində bulvara yaxın ərazidə bunqalov tipli evlər də tikilir ki, gələcəkdə yerli və xarici turistlər bura cəlb edilsin.
Bütün bunlar isə Laçında aparılan böyük quruculuq işlərinin kiçik bir hissəsidir. Laçın günü-gündən dəyişir, gözəllləşir və öz doğma sakinlərini qoynuna almağa tələsir.
Mina RƏŞİD