22.11.2024, 04:03
AZ EN
30.05.2022, 12:21 168

Zəngilan Beynəlxalq Hava Limanı uçuş kütləsi 400 tona qədər olan hava gəmilərini qəbul edə biləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən beynəlxalq hava limanı regionun inkişafında böyük əhəmiyyət daşıyacaq.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

“Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanovla söhbət zamanı bildirdi ki, hava limanının təməl daşı 2021-ci il aprelin ayının 26-da Prezident İlham Əliyev tərəfindən atılıb. May ayından isə Mina Təmizləmə Agentliyi tərəfindən ərazinin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsinə start verilib. Paralel olaraq təmizlənmiş sahələrdə AZVİRT şirkəti tərəfindən uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağının qazıntısına başlanılıb və sahəsi 60 min kvadratmetr olan və səkkiz hava gəmisi üçün nəzərdə tutulan perronun, uzunluğu 600 metr olan sükan yolunun tikintisinə start verilib.

Həmsöhbətimiz qeyd etdi ki, ötən müddət ərzində paralel olaraq sahəsi 5 min kvadratmetr olan terminal binasının dəmir-beton konstruksiya işləri tamamlanıb, metal konstruksiya quraşdırılıb. Hazırda dam örtüyünün bağlanması işləri həyata keçirilir. Dam örtüyü işlərinin 80 faizi artıq yerinə yetirilib, yaxın zamanlarda bu işlər də tam başa çatacaq. Hava limanının elektrik enerjisi ilə təminatı üçün uzunluğu 10 kilometr olan 35 kVA-lıq hava xətti çəkilib, gücü 1000 kVA olan transformator yarımstansiyası quraşdırılıb. Fasiləsiz elektrik enerjisi üçün əlavə olaraq gücü 1000 kVA olan generator alınıb.

Ərazi ilə tanış olarkən sürətli tikinti işlərinin şahidi olduq. Hava limanının istilik təchizatı üçün qazanxana binası da inşa olunub, su ilə təchiz olunması üçün dərinliyi 250 metr olan artezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda terminal binasının daxilində elektrik, mexanik, arakəsmə divarları memarı işləri görülür. Uçuş-enmə zolağında gecə saatlarında uçuşların təmin olunması üçün transformator binalarının tikintisi yerinə yetirilir və iyun ayında tamamlanaraq istismara verilməsi planlaşdırılır.

Hava hərəkətinin təşkili üçün nəzərdə tutulan qüllə binası tikilib və daxilində elektrik-mexanik işləri yerinə yetirilir. Eyni zamanda, uçuş-enmə zolağında hazırda 2 kilometr uzunluğunda, 45 metr enində asfalt örtüyü çəkilib və işlər davam etdirilir. Aeronaviqasiya avadanlıqları üçün nəzərdə tutulan radar qurğusu binasında montaj işlər 100 faiz tamamlanıb. Hazırda aeronaviqasiya qurğuları arasında elektrik və rabitə xəttinin çəkilməsi prosesi yerinə yetirilir.

Zəngilan Beynəlxalq Hava Limanı iki mərhələdə istismara veriləcək, ilk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarəetmə aeronaviqasiya qülləsi iyul ayında istifadəyə veriləcək. Hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub və perronda 8 ədəd hava gəmisinin dayanması mümkün olacaq. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

İkinci mərhələdə, yəni avqustun sonu – sentyabrın əvvəlində Zəngilan Beynəlxalq Hava Limanı tam istifadəyə veriləcək. Hava limanı uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan hava limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur.

Zəngilan, 30 may, Aydın Yavərzadə, AZƏRTAC

Oxşar xəbərlər

SON XƏBƏRLƏR