Açılış tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəliyi, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları və hərbçilər iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər kinoteatr binası haqqında danışıblar. Bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası Laçın azad edildikdən sonra 8 aya bərpa olunub. 230 oturacaqdan ibarət olan Cinema klubun binasının daxili 350 kvadratmetr, səhnənin ölçüsü 82 kvadratmetr, ekranın ölçüsü isə 70 kvadratmetrdir. İlk dəfə olaraq Laçında “Mən burdayam, İlahi” adlı Azərbaycan filminin nümayişi olub. Laçın sakinləri öz doğma vətənlərində kinoteatr binasında filmin təqdimatını alqışlarla qarşılayıb. (AZƏRTAC)