15.07.2025, 21:53
AZ EN
26.07.2023, 10:18 345

Zəngilanda daha bir kəndinin bərpasına başlanır

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun Cahangirbəyli kəndindən bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi istiqamətində daha bir mühüm addım atılıb. Artıq  “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin tərəfdaşı kimi həmin kəndin bərpası işində aktiv fəaliyyət göstərəcək şirkətlərdən birinin də adı müəyyənləşib.

“Vətən səsi” xəbər verir ki, “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” iri məbləğli tenderin nəticəsini elan edib. Tenderin nəticələrinə uyğun olaraq “Kəmalə-Ə” firması qalib seçilib. Artıq həmin şirkətlə 2 milyon 50 min 741 manat məbləğində müqavilə də imzalanıb. Müqavilədə Cahangirbəyli yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə torpaq işlərinin satın alınması nəzərdə tutulur.

Xatırladaq ki, Zəngilan rayonunun Cahangirbəyli kəndinin bərpası üzrə təməlqoyma mərasimi bu il mayın 4-də olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Cahangirbəyli kəndinin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb.

Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beşotaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli yaşayış binalarının inşası da nəzərdə tutulur. Cahangirbəylidə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.

Oxçu çayının sahilində yerləşən Cahangirbəyli kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 21-də kəndi işğalçılardan azad edib.

Elxan SALAHOV

Oxşar xəbərlər