Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsinin tərkibində olan Şamlı kəndinin əsası XIX əsrdə Şamı, Tağı, Nağı adlı qardaşlar qoymuşlar. Böyük qardaş Şamının adı ilə Şamlı adlandırılmışdır. Digər bir versiyaya görə isə toponim Qızılbaşların Şamlı qəbiləsi ilə bağlıdır. 1402-ci ildə Şamlı Teymurun türk Bəyazid üzərində qələbəsindən sonra Suriyadan (Şamdan) apardığı bəydili ailəsi ilə əlaqədardır. Adıçəkilən ailəni Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, o, da Azərbaycanın cənubunda məskunlaşdırmışdır. Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə şamlılar iştirak etdikləri üçün Səfəvi şahları onlara Azərbaycanda torpaqlar bağışlamışdılar. Şamlı kəndinin əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur. 1993-cü ildə işğal olunmuş kənd 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
İsa Musayev