Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunun qədim yaşayış məskənlərindən biri olan Zar kəndi Qarabağ yaylasının ətəyində yerləşir. 13-cü əsrə aid mənbədə ilk dəfə adı çəkilən kəndin sonrakı dövrlərdə də haqqında məlumatlar qeyd olunub. Belə ki, 1590-ci il sənədinə görə şamr qəzasında Zar nahiyəsi olmuşdur. 19-cu yüzillikdə Tiflis quberniyasında Zar kəndi, Qars vilayətində Zaruşad kəndi və çayı da qeydə alınmışdır. Onu da qeyd edək ki, Qərbi Azərbaycanda Zar, Cənubi Azərbaycanda isə Kəlbəzar kəndləri mövcuddur. 5 və 7-ci əsr mənbələrində zar tayfa adı kimi qeyd olunur. İran mənşəli zarlar qədim dövrlərdə İranın şimal-qərbində, həmçinin Qarabağın müəyyən hissəsi, Qubadlı-Zəngilan zonası, Qərbi Azərbaycanın cənub-şərq hissəsində yaşamış, sonrakı dövrlərdə müxtəlif ərazilərə yayılmışdır. Onu da qeyd edək ki, Tərtərçayın qolu olan çay da Zar adlanır. 1970-1980-ci illərə qədər yaşayan yaşlı adamların dediyinə görə əvvəllər Zara Şəhrizər deyirmişlər. Mənası qızılla zəngin olan şəhər deməkdir. Bunu həmin ərazidə torpağın altından tez-tez tapılan qızıl dəfinələr də təsdiq edir. Kəndin sonuncu dəfə məskunlaşması 15-16-ci əsrlərə təsadüf edir. Mənbələrdə o da qeyd olunur ki, Cəfər Qoca adlı bir şəxs Dərələyəzdən gəlib Zarın ərazisi olan Çaxmaqda ev tikib. Həmin damlar işğala qədər qalırdı.
İsa MUSAYEV