08.09.2024, 05:50
AZ EN
12.12.2023, 09:00 312

Qubadlı rayonu, Qaraimanlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikası Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində olan Qaraimanlı kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. Qaraimanlı (Qaramanlı) yaşayış məntəqəsini XIX əsrin sonlarında Qara İman adlı şəxs saldığına görə kənd belə adlanmışdır. Kəndin şərqindəki qışlaq yeri də Qara İmanlı qışlağı adlanır.

Toponim çox ehtimal ki, türk- dilli qaraman tayfasının adı ilə əlaqədardır. Qaraimanlı (Qaramanlı) adındakı "qara" sözü cəsarət, igidlik bildirir. Yazıçı Çingiz Salmanov "Qubadlının yer-yurd adları" kitabında bildirmişdir ki,  Qaramanlar Səlcuq sultanı Toğrulun zamanında (1038-1063) əvvəlcə Anadoluya, buradan da başqa yerlərə, o cümlədən Azərbaycana yayılmışlar. Onların XII

əsrdə Azərbaycana şimaldan gəlmələri fikri də mövcuddur. Qaramanlar varsaq, qara, quşdəmir, isa və kosun qollarından ibarətdir. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşlar. Səfəvi şahları bu tayfaya hərbi xidmətlərinə görə Azərbaycanda çoxlu müxtəlif yerlər, torpaqlar vermişlər.

Qaramanlı Kiçik Asiyada yaşayan türk tayfasıdır. Onlar Azərbaycana XIII əsrin I yarısında gəliblər. Qaramanlar oğuzların salğur tayfa birliyinə mənsubdurlar. Onlar səlcuq sultanı Toğrulun zamanında Anadoluya gələrək burada müstəqil Qaraman bəyliyi yaradıblar. Azərbaycandakı qaramanlar azərbaycanlıların etnogenezində iştirak ediblər.

Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşun başçısının adı Qaraman olub. Qarabağın hakimi Yarəhməd (XIV əsr) qaramanlı tayfasındandır. Səfəvi ordusunda qaramanlı bəyləri də vardır.

Qaramanlı tayfası öz adını Şeyxin oğlu Nur-Sofi Qaraman tərəfindən Anadoluda səlcuq sultanlığının süqutundan sonra yaranan müstəqil Qaramanlı bəyliyindən almışdır. 1471-ci ilə qədər oranı 7 hökmdar idarə edib. Həmin bəyliyin bəzi sakinləri oranı tərk edib Azərbaycana gəlmiş və tayfalarının adı ilə bir

neçə kənd salmışlar. Qaramanlı sözü Azərbaycan toponimiyasında omonim yer adlarındandır. Qaraman adlı kənd Göyçay və Yevlax rayonlarında da var. Ağdam rayonu ərazisində Qaramandağ adlı dağ mövcuddur.

Qubadlı rayonunun Qaraimanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.

2020-ci il noyabrın 9-dan Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər