Azərbaycan Respublikasının Laçın rayonunun Alıqulu kəndi Pircahan kənd inzibati ərazisinə daxildir. Bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacında yerləşir. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Kənd rayon mərkəzindən 36 km məsafədə, Dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdədir. Laçın-Kəlbəcər, Laçın-Şəlvə-Qorçu magistral yolunun üstündədir. Kəndin ətrafında "Mirəyal" dağ meşələri, Yalkənd dağı və Şeştaxta adlanan düzənlik, Qızdırma bulağı, Daş bulaq və s. yerləşir. Erməni işğalınadək kənd əhalisi əsasən Azərbaycan türklərindən ibarət idi. Lakin assimilyasiya olunmuş kürdlər də yaşayırdılar. Belə ki, Məmmədsəfilər deyilən nəslin əsli XIX əsrin əvvəllərində İrandan gəlmiş kürd idi. Əhalinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edirdi.
İsa MUSAYEV