Ərazidə bu günədək qalan mədəni irs nümunələri kəndin Cənubunda yerləşən Kosalar və Şimal tərəfində yerləşən Zeyvə kənd ərazilərindəki mədəni-irs nümunələri ilə ümumi bir vəhdət təşkil edir.
Bu üçbucaqda relyefə uyğun yerləşən üç antik qala (müşahidə qalaları) orta əsrlərdə ərazidəki inzibati yaşayış məntəqələrinin təhlükəsizliyini təmin edirdi. Bütün bu təhlillər göstərir ki, Soltanlar (Əsədlər, Əsədsoltanlar və ya Hüsülü adlandırılan) kəndi Səfəvilər dövləti zamanında (1501-1736-cı illər) mövcud olmuş və dövrümüzə qədər mövcudluğunu qorumuşdur.
Bu faktlar AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Laçının Həmzə Soltan sarayı - gerçək tariximiz” sərlövhəli araşdırma məqaləsində yer alıb.
Bildirilib ki, Soltanlar kəndi Səfəvilər dövründə Qaraçorlu mahalının mərkəzi, yəni, baş kəndi kimi fəaliyyət göstərib. 1727-ci ilə aid olan Osmanlı arxivlərində "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Qaraçorlu mahalı və qaraçorlular haqqında qiymətli məlumatlar saxlanılır. Azərbaycan Dövlət Tarix Arxivində saxlanan (F.24, siyahı 1, saxlama vahidi 142) 1823-cü ilə aid "Qarabağ əyalətinin kameral təsviri" adlı sənəddə Qaraçorlu mahalı haqqında məlumat var. Bu sənədə görə, 7 kənddən ibarət olan Qaraçorlu mahalında qaraçorlu, şeylanlı, gəloxçu, təhməzli, şadmanlı, yurdaxlı tayfalarının yaşadığı qeyd olunur. Lakin bu sənəddə qeyd olunmayan Qaraçorlu mahalı tərkibində bir nеçə digər tayfa icması Qarabayramlı tayfası, Qasımuşağı tayfası, Qaraçənli tayfası, Əhməd uşağı tayfası, Babadünlü tayfası kimi кənd camaatı cəmləşdiyini digər arxiv sənədlərində müşahidə edirik. Sonda adı çəkilən 5 tayfa Hacısamlı icmasının tərkibində Qaraçorlu mahalına daxil olub.
O dövrdə Qaraçorlu mahalının ən böyüк icması Hacısamlı camaatı idi. Burada adı çəkilən Hacısamlı nahiyyəsinin ərazisi indiki Laçın rayonunun şimalından Qırxqız dağının aşırımlarına qədər, indiki Kəlbəcər rayonunun sərhədi boyunca böyük bir ərazini əhatə edir. Bu ərazi aranı və yaylağı olmaqla heyvandarlıq və əkinçilik üçün çox əlverişli bir ərazidir.
1747-ci ildən Mağavuz nahiyəsi də Qaraçorlu mahalının tərkibinə verilmişdir. Beləliklə bu tarixdən mahalın coğrafiyasına Vəqazin, Əritaq, Çorman, Bozdoğan, Ərdəş, Pərixan, Qarıqışlaq, Qarasaqqal, Şılк, Gündüz, Bayındır, Səgaxar, Xəsili, Abdallar, Bozdoğan II, Godgai, Daşlı (böyüк), Ilxılı, Moracıq məzrəsi, Ağbulaq, Həzili, Sos, Rəraxsi, Daşlı (кiçiк) yaşayış məntəqələri daxildir.
Qaraçorlu camaatı Səfəvi dövründə, Səfəvi xəzinəsinə vergi ödəmirdi, mahal Səfəvi dövründə Nadir şah Əfşarın hakimiyyətinə qədər yarımmüstəqil həyat tərzi sürürdü. Qaraçorlu mahalının təzyiqlərdən müdafiə olunması üçün 1730-cu ildə Osmanlı dövlətinin tərkibinə qatılmaq barədə saziş bağlanmışdı. Saziş mahalın başçısı Rüstəm bəy Qaraçorlunun təşəbbüsü ilə imzalanmışdı. Sazişin şərtlərinə görə, mahaldan toplanan vergilərin yarısı Osmanlının Gəncə xəzinəsinə verilir, qalan yarısı isə qaraçorluların sərəncamında qalırdı.
1736-cı ildə Nadir şah Əfşar hakimiyyətə gəldikdən sonra Qaraçorlu mahalını Osmanlıdan geri almaq üçün hücum edərək Rüstəm bəy Qaraçorlunu öldürüb mahalı öz tərkibinə qatmışdı. Bu barədə tarixçi Mir Mehdi Xəzani "Qarabağnamə" əsərində müfəssəl məlumat verir. O dövrdə Nadir şahın qoşunları tərəfindən Sultanlar kəndi ciddi dağıntıya məruz qalmışdı. Belə ki, inzibati binalar, mahal naibinin sarayı tamamilə dağıdılaraq yerlə-yeksan olunmuşdu.
Nadir şahın qələbəsindən sonra Rüstəm bəyə yaxın olan qaraçorluların Mahaldan köçü başlamış, onların bir qismi İndiki İran dövlətinin Qaradağ mahalına, bir qismi isə indiki Ermənistanın Dərələyəz mahalına sürgün edilmişdir. Qaraçorlu elinə Nadir şah, Həmzə Sultan Hacısamlı adlı şəxsi başçı təyin etmişdir. Həmzə Sultan həm elin minbaşısı, həm də mahalın naibi olmuşdu.
1747-ci ildə Nadir şahın ölümündən sonra Qaraçorlu mahalı yeni yaranan Qarabağ xanlığının tabeçiliyinə verilmişdir. Qaraçorlu mahalı Çar Rusiyasının Azərbaycanı işğalına qədər Qarabağ xanlığının tərkibində olmuşdur.
Ehtimala görə, vaxtilə 400 yaşayış evi olan bu yaşayış məntəqəsində biri digərini əvəz edən iki saray kompleksi olub. Bu sarayların birincisi “Soltan Əhməd” bəzən də “Soltan Əjdər” sarayı adlandırılırdı. Sarayın bu adları daşıması maraqlı hadisədir. Çünki bu kəndin tarixində nə Sultan Əhməd və nə də Sultan Əjdər barədə məlumatlara rast gəlinmir. Bu sarayların dəqiq tikilmə tarixi, memarlıq quruluşu, ümumi görüntüsü hələlik elmə məlum deyil. Eyni zamanda, mahalın üsyankar başçısı Rüstəm bəy Qaraçorlunun da əyləşdiyi sarayın memarlıq quruluşu müəmma olaraq qalır.
1761-ci ildə Qaraçorlu elinin başçısı Həmzə Sultan Hacısamlı özünə çox güman ki köhnə saray qalıqları üzərində, daha müasir bir saray binası inşa etdirmişdi. O zaman sual olunur. 1730-cu ildən 1761-ci ilə qədər mahal naibliyinin idarə binası kəndin hansı hissəsində və ya hansı formada olmuşdur? Bu suala cavab tapmaq üçün apardığımız araşdırmalar zamanı gəldiyimiz qənaət belə oldu. Çox güman ki, mahala hücum zamanı Nadir şahın qoşunları tərəfindən saray ciddi zərər görməmişdir. 1761-ci ildə Qarabağ xanlığı dövrü Həmzə Soltan tərəfindən saray yenidən bərpa olunmuş və ya yenidən tikilmişdir.
Ərazinin müayinəsi zamanı Kompleksin uçuqları arasında sarayın ətrafı qalın mühafizə divarları ilə çevrələndiyi açıq görünürdü. Sarayın ümumi mənzərəsindən aydın olurdu ki, kompleksin mühafizə divarlarının künclərində iki qala bürcü olmuşdur, onun biri tamamilə dağılmış birinin isə qalıqları qalır. Qəsrin cənub tərəfinin küncündə giriş qapısının qalıqları var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray əyanlarının istifadə etdikləri evin ikimərtəbəli olduğu güman edilir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malik olub.
Lakin Həmzə Soltan sarayının memarlıq quruluşunda saray memarlığının əlamətləri görünmür. Çünki Saray memarlığı mütləq şəkildə özündən əvvəlki dövrlərin milli memarlıq elementlərindən unikal formada özünəməxsus üslubda inşa edilir. Sarayların daha bir özəlliyi ondadır ki, bu tipli tikintilərin oxşarı olmur, onlar təkrarsız olurlar. Həmzə Soltan sarayı isə quruluşuna görə saray memarlığına uyğun gəlmir. Burada daha bir ehtimal ortaya çıxır Həmzə Soltan 1761-ci ildə özündən əvvəlki saray qalıqları üzərində, Dizaq, Vərəndə, Talış və s məlik sarayları memarlığı üslubunda özünə saray tikdirmişdir.
XVIII əsr Qarabağın Məlik sarayları memarlıq quruluşuna görə Alban dövrü bazilikalarının memarlığına uyğunlaşdırılırdı. Bu saraylar əsasən düzbucaqlı planda tavanı tağlı, istilik sistemləri buxarılarla təchiz edilərək tikilirdi. Məlik saraylarının özünəməxsus memarlıq-bədii ifadəlilik və yeni formalara görə bütün saray ansamblı və digər yaşayış evlərini formalaşdırırdı. Məlik saraylarının yeni bədii memarlıq kompozisiyalarının yaranması Qarabağ xanlığı dövründə xüsusi inkişaf etmişdi.
Məlikliklərin saray kompleksinin yaşayış evləri, istirahət və iş otaqları üç hissədə qruplaşdırılırdı. Hər üç hissənin ön tərəfin qarşısını kiçik həyət təşkil edir və bir-birinə mühafizə divarları ilə birləşdirilərək ümumi ansambl yaradırdı. Saray qalıqlarından Həmzə Soltan sarayının da bu üsluba sadiq qaldığı aydın görünür.
Sovet dövrü Həmzə Soltan sarayın qalıqları baxımsızlıq üzündən dağıdılaraq yararsız hala salınmışdı. Burada həm təbiət təsirlərinin (ildırımvurma, yağış, zəlzələ və s.), eləcə də kənd sakinlərinin tamah məqsədi ilə saraya müdaxiləsi, bu abidənin tamamilə məhv edilib sıradan çıxmasına şərait yaradırdı. Bəzi kənd sakinləri sarayın divarlarını uçurdaraq öz yaşayış sahəsini genişləndirir, bəziləri isə əlvan metal axtarışı ilə qanunsuz qazıntılar aparır, divarları sökürdülər.
1980-1990-cı illərdə ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Abidələrin Bərpası İdarəsinin erməni rəhbərləri Həmzə Soltan sarayının bərpa layihə planını hazırladılar. Bu bərpa – layihə sənədləri, sarayın orijinal vəziyyətini olduğu kimi əks etdirmirdi.
Bütün bunlara baxmayaraq, abidənin bərpası, 1991-ci ildə Şuşa Regional Bərpa İdarəsinə tapşırılsa da, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən ərazinin işğalı abidənin bərpasını yarımçıq qoydu.
1992-ci il işğalından sonra Ermənistan hökuməti 2007-ci ildə Sultanlar kəndinin adını dəyişərək Melikatun adlandırdılar. Elə həmin ildən də Həmzə Soltan sarayını Ermənistanın işğalçı qüvvələri tərəfindən bərpa edilməsinə qərar verildi. Saray qalıqlarının bərpadan sonra Otel kimi istifadə olunması nəzərdə tutulurdu.
Sarayın bərpa sənədlərinə baxdıqda məlum olur ki, istifadə olunan bərpa layihə sənədləri kiçik dəyişiklik edilsə də, sovet dövrü DQMV-də hazırlanan layihə sənədlərinin eynidir.
Bərpa edildikdən sonra sarayın əzəli görkəmindən məhrum edildiyi aydın görünürdü. Ermənilər yaratdıqları Otelin həyətinə qəbiristanlıqdan gətirdikləri bir at və bir qoç heykəli qoydular. Ermənilər bu fiqurların qəbirüstü abidə olduğunu anlamadıqları üçün “otel”in qarşısına bəzək əşyası kimi qoymuşdular. Lakin qəbirüstü abidələrdən bəzək əşyası kimi istifadə edilməsi yolverilməzdir.
Bu abidəyə hansı rakursdan yanaşılırsa-yanaşılsın onun saray kompleksinə uyğunluğu qətiyyən hiss olunmur. Güman edirik ki, erməni işğalından azad olan Sultanlar kəndində Həmzə Sultan sarayının gələcək tədqiqatları nəticəsində saray kompleksinin memarlıq quruluşunu üzə çıxarmaq mümkün olacaq.
Xatırladaq ki, Soltanlar Azərbaycanın Laçın rayonunun Malıbəy kənd inzibati ərazi dairəsində inzibati yaşayış mərkəzidir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il dekabrın 1-də isə azad olunmuşdur.
Soltanlar kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri əvvəllər qara damlardan və sonralar müasirləşən bir və ya ikimərtəbəli yaşayış evlərdən ibarət idi. (AZƏRTAC)