Təqdimat mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək, nəşrin elmi əhəmiyyətini yüksək qiymətləndirib. Rektor əsərin türkologiya sahəsi üçün aktuallığını, dilçilik problemlərinin sistemli araşdırılmasına verdiyi töhfələri diqqətə çatdırıb. Ş.Bayramov bu fundamental tədqiqatın məhz Qarabağ Universiteti tərəfindən nəşr olunmasının ali təhsil ocağı üçün mühüm hadisə olduğunu qeyd edib.
Universitetin Filologiya kafedrasının müdiri Əzizağa Nəcəfov çıxışında bildirib ki, əsər həm tarixi mirasın müasirliklə qovuşduğu bir diskurs yaradır, həm də türk xalqlarının ortaq gələcəyi üçün nəzəri və praktik əsaslandırılmış tövsiyələr irəli sürür.
Ə.Nəcəfov qeyd edib ki, tədqiqatın elmi keyfiyyəti müəllifin geniş mənbə bazasına istinad etməsi ilə də sübut olunur. Belə ki, əsər Azərbaycan, türk və rus dillərində 316 adda ədəbiyyat, arxiv materialları, habelə çoxşaxəli müqayisəli analizlər əsasında ərsəyə gəlib.
Monoqrafiyanın müəllifi Elçin İbrahimov göstərilən diqqət və dəyərə görə təşəkkürünü bildirərək, həm Qarabağ Universitetinin, həm də Birinci Türkoloji Qurultayın tarixində belə bir töhfənin hazırlanmasında iştirak etməyin onun üçün böyük qürur olduğunu qeyd edib.
Qeyd edək ki, Qarabağ Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş silsilə elmi və akademik tədbirlərin keçirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. (AZƏRTAC)