20.02.2026, 16:56
AZ EN
20.02.2026, 14:44 209

“Sərsəng” su anbarı regionun iqtisadi dirçəlişinə təkan verəcək

QARABAĞ
  • Bol su ehtiyatlarına malik Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları arasında “Sərsəng” su anbarının özünəməxsus yeri var. 1976-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Tərtər çayının Ağdərə rayonundan keçən hissəsində qurulan su anbarı 100 min hektarlarla əkin sahəsini suvarma suyu ilə təmin edirdi.

“Sərsəng” respublikada bəndinin hündürlüyünə görə ən hündür su anbarlarından hesab olunur. Ümumi tutumu 560 milyon  kubmetr olan anbarın ətrafında 125 metr hündürlüyündə bənd tikilib. Anbarın sututar sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu 50,25 kilometrdir.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı işğalçı ordunun nəzarətinə keçib. Otuz ildən artıq davam edən işğal dövründə sututarın texniki qurğuları dağıdılaraq məhv edilib. Bu səbəbdən “Sərsəng”in aşağı axınında yerləşən yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan həmin ərazilərdə suverenliyini bərpa edib. Hazırda stansiyanın texniki vəziyyəti və gələcək istifadəsi ilə bağlı qiymətləndirmə işləri aparılır.

Su anbarının Azərbaycan nəzarətinə keçməsi bir çox ərazilərin suvarma suyu ilə təminatında böyük rol oynaya­caq. “Sərsəng”də toplanan su ehtiyatı Tərtər, Ağdərə, Ağdam, Ağca­bədi, Yevlax, Bərdə, Goranboy rayonları­nın ümumilikdə 100 min hektar əkin sahə­sini suvarma suyu ilə təmin edir ki, bu da Qarabağ bölgəsində iqtisadi dirçəlişə böyük təkan verir.

Yeri gəlmişkən, “Sərsəng” su anbarından təkcə suvarma deyil, həm də elektrik enerji­sinin ishesalı üçün də istifadə ediləcək. Hazırda anbarın üzərində 50 meqa­vat gücündə su elektrik stansiyası da fəaliyyət göstərir.

İşğaldan azad edilmiş ərazilərdə Xaçınçay və Köndələnçay anbarları bərpa edilib, həmçinin Zabuxçay su anbarı və magistral boru xətləri tikilməklə bölgədə 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır. Regionun su ilə təminatında mühüm rol oynayan “Xaçınçay”, “Köndələnçay-1”, “Köndələnçay-2” və digər kiçik anbarlar kənd təsərrüfatı sektorunun inkişafı sahəsində strateji əhəmiyyətə malikdir.

Röya SALMANQIZI

Oxşar xəbərlər