Səfər çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov ilə MOK-un və Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya və dünya çempionu Fərid Mansurov, MOK-un İcraiyyə Komitəsinin üzvü, Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev, dünya və Avropa çempionu Rafiq Hüseynov, Güləş Federasiyasının baş katibi Pərvin Piriyev arasında görüş keçirilib. Görüş zamanı icraçı direktor güləş növündə ölkəmizi daim layiqincə təmsil etdiklərinə, göstərdikləri əzmkarlığa və qazanılan qələbələrə görə idmançılarımıza minnətdarlığını bildirib.
Səfər çərçivəsində qonaqlar Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə də görüşüblər. Tədbirdə idmançılarımız çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə şagirdlərlə söhbət edib, onların suallarını cavablandırıblar.
Görüşün sonunda məktəbin direktoru Səbinə Gözəlova qədim ənənəyə malik olan bu tədris ocağı ilə idmançıları yaxından tanış edib.
Sonra idmançılar Xankəndi şəhərində Qarabağ Universitetini ziyarət ediblər. (AZƏRTAC)