Dörd tərəfi uca dağlarla əhatələnən Aşağı Oratağ kəndinin qışı sərt, havası şaxtalıdı. Qarlı hava sakinləri sanki evlərinə çəkilməyə məcbur edir. Sükuta qərq olan kəndin evlərinin birindən isə tar səsi gəlir.
Ağdərədə doğulub boya-başa çatan 53 yaşlı Mütəllim Aslanov İctimai televiziyaya müsahibəsində deyir ki, uzun illər doğma el-obalarının həsrəti ilə yaşayıblar. Bütün çətinliklərə baxmayaraq, ümidlərini itirməyib, bir gün mütləq Ağdərəyə qayıdacaqları günü səbirsizliklə gözləyiblər.
"Elə günlərimiz olub ki, 3-4 ailə bir yerdə yaşamışıq. Hətta demək olar ki, yaşadığımız binada şəraitimiz çox acınacaqlı olub.
Uzun illərdən sonra biz qayıtdıq bura. İndi sevincimizin həddi-hedudu yoxdu".
Mütəllim Aslanovun həyat yoldaşı 12 yaşına kimi Laçında yaşayıb. İşğaldan sonra ailəsi ilə birlikdə Bərdədə məskunlaşıblar. Deyir ki, gəncliyim çətinliklə keçsə də övladlarım doğma yurdda rahat və firəvan yaşayacaqlar.
"Həyat elə gətirdi ki, mənim ailə qurduğum şəxs də məcburi köçkün idi. Biz ağır günlər yaşayırdıq. Sonradan dövlətimiz bizi yaxşı şəraitlə təmin etdi. Biz dövlətin diqqət və qayğısı ilə əhatə olunsaq da, ümidimizi üzmürdük, inanırdıq ki, torpaqlarımız işğaldan azad olunacaq, biz qayıdacağıq öz doğma elimizə, obamıza".
Qeyd edək ki, Aşağı Oratağda 308 fərdi ev var. Onlardan 148-i yararsızdı, 160-ı isə qismən yararlıdı. Hazırda 100 ev bəra işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. İlkin olaraq 31 ailə, 119 nəfər kəndə qayıdıb.
Burada rabitə xəttləri, qaz xəttləri çəkilir. İçməli su ilə təminat öz həllini tapıb. İnsanların asudə vaxtının səmərəli təşkili üçün eyni zamanda park və futbol meydançası da salınır.
Xatırladaq ki, baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. Bura şəhər mərkəzi, fərdi və az sıxlıqlı fərdi və yaşayış sahələri, ictimai işgüzar funksiyalı zonalar daxildi. Bundan başqa şəhərdə teras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması da planlaşdırılır.
Tahirə AĞAMİRZƏ