26.01.2026, 22:40
AZ EN
03.01.2026, 11:00 164

Ballıca sakini: İllər sonra uşaqlığımın keçdiyi doğma evə qayıtmışam

QARABAĞ
  • Xocalı rayonunun Ballıca kəndi Qarabağda keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğu yaşayış məntəqələrindəndir. Bu kənd artıq yalnız keçmişin xatirəsi deyil, həm də yenidən qurulan həyatın ünvanına çevrilib. Uzun illər məcburi köçkün həyatı yaşayan ailələr kəndə qayıdaraq yeni həyat qurur, eyni zamanda keçmişin izlərini yaşadırlar.

Ballıca kənd sakini Teymur Əzimov doğma yurda qayıdışla bağlı təəssüratlarını bölüşüb.

1975-ci ildə Ballıca kəndində anadan olan Teymur Əzimov erməni təcavüzü nəticəsində ailəsi ilə birlikdə əvvəlcə Xocalıya pənah aparıb. Xocalı işğal edildikdən sonra 34 il Oğuz və Goranboy rayonlarında məskunlaşıb. O, artıq bir ildir ki, ailəsi ilə birlikdə doğulduğu kəndə, ata evinə qayıdaraq burada məskunlaşıb.

Uzun illər sonra yenidən doğma kəndinə, ata ocağına qayıdışın sevincini və qürurunu yaşayan T.Əzimov deyib: “Çox sevincli və qürurluyam. Bundan gözəl günlər ola bilməz. Allah bunu bizə nəsib elədi. Buna görə Prezidentimizə, Azərbaycan Ordusuna təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm.

Bu yerləri illərlə xatirələrdə yaşatdım. İllər sonra uşaqlığımın keçdiyi doğma yerlərə, doğulduğum evə, kəndə qayıtmışam. Damcılı bulaqda, bu dağlarda, dərələrdə uşaqlığımın xatirələri var. Düşündükcə bəzən yuxu kimi gəlir. Deyirəm, İlahi, bu həqiqətdirmi, illər sonra arzularımıza qovuşmuşuq. Tək üzüldüyüm odur ki, atam, anam, bacım bu günləri görmədilər...”.

Ballıcaya qayıdışın Teymur Əzimov üçün başqa bir sevinci də var. O, şagird ikən tərk etdiyi məktəbə indi müəllim kimi qayıdıb. “Mən Ballıca kəndində uşaq vaxtı tərk etdiyim məktəbə müəllim kimi qayıtmışam. Bu bir başqa sevincdir. Məktəbdə gəzərkən xatirələrim canlanır. Oxuduğum sinif, müəllimlərim, sinif yoldaşlarım...” – deyə, məktəb xatirələrini dilə gətirir.

Teymur Əzimov deyir ki, ata evinə qayıtmaq, burada yaşamaq ona mənəvi rahatlıq verir: “Bu evdə çox rahatam, çox xoşbəxtəm. Uşaq vaxtı bu otaqlarda bacımla, əmim oğlanları ilə oynadığımız günlər yadıma düşür. Bu gün qohumlar yığılırıq, keçmiş günləri xatırlayırıq“.

“Şəhidlərimiz canından, qazilərimiz sağlamlığından keçərək bizi yurdumuza qovuşdurdular. Biz hər zaman onlara borcluyuq. Allahdan arzum odur ki, bir daha müharibə olmasın. Bundan sonra yurdumuzda toy olsun, bayram olsun” – deyə, Ballıca sakini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər