Yanvarın 24-də Ağdam və Şuşaya ilk sərnişin avtobusları yola düşüb. Müntəzəm avtobus reysinin ilk sərnişinləri həmin rayonlardan olan məcburi köçkünlər, eyni zamanda respublikanın müxtəlif bölgələrindən olan şəxslərdir.
Ərazilərimizin işğaldan azad edilməsi hər bir Azərbaycan vətəndaşının bir gün yenidən o yerlərə qayıdacağı ilə bağlı inamını reallığa çevirdi. İlk sərnişinlərin təəssüratları, fikirləri bunu deməyə əsas verir.
Şuşa sakini Elmira Şəfiyeva sonuncu dəfə 1985-ci ildə Şuşada olub. Avtobus yola düşəndən doğma yurda qayıdacağının həyəcanını gizlədə bilməyib. “Hisslərimi ifadə etməyim mümkün deyil. İnana bilmirdim ki, yenə Şuşaya gedirik. Uşaqlığımın keçdiyi o yerləri yenə gördüm, küçəmizdə, evimizdə oldum. Evimizi dağıdılmış görəndə çox pis oldum. Bu narahatlığımız ötəridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşamız yenidən dirçələcək. Ali Baş Komandanın “Şuşa, sən azadsan. Biz səni dirçəldəcəyik” sözləri hələ də qulağımızdadır. Azad və doğma Şuşamdan geri dönmək istəmirdim. Tezliklə, ora daimi yaşamaq üçün qayıdacağıq”.
Şuşanın havası, daşı, torpağı, çörəyi 30 il öncə oranı tərk etmiş sakinlərini yenidən əvvəlki illərə qaytarıb. 65 yaşlı Şuşa sakini oranı tərk edəndə 35 yaşında idi. 30 illik həsrətdən sonra, doğma yurda böyük sevinc və həyəcan hissi ilə yenidən ayaq basıb.
Sənan Hüseynov Şuşanı uşaq vaxtı ailəsi ilə birgə tərk edib, indi isə həyat yoldaşı ilə birgə Şuşa avtobusunun ilk sərnişinlərindəndir. “Uzun illərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya gedirik. 30 il oranın həsrətində olmuşuq. İşğal altında qaldığı müddətdə orada çox dağıntılar olub. Amma bərpa-quruculuqla bağlı iş gedir, biz bunun şahidi olduq. Ölkə başçısının qeyd etdiyi kimi Şuşa azaddır, biz qayıtmışıq. Prezident İlham Əliyev, rəşadətli Azərbaycan ordusu, şəhidlərimizin qanı, canı bahasına biz Şuşadayıq”, - deyə Sənan Hüseynov qeyd edib.
Ağdamın Novruzlu kəndinin sakini Allahverdi Dolxanov gördüyü dağıntılardan, vandalizmdən kədərlənsə də, bu səfərin xoş günümüzün səfəri olduğunu bildirib. O, səfər zamanı yaşadıqları haqqında bunları deyir: “Erməni vandallarının törətdikləri heç bir məntiqə sığmır. Buranı elə günə salıblar ki, insan ağlına sığmır. Bu dəhşət qarşısında həm də sevinc yaşayırıq. Yenə öz torpaqlarımıza gəldik. Düzdür, Novruzluya gedə bilmədik. Amma tezliklə gedəcəyik. Sevincimizin həddi-hüdudu yoxdur. Bu günə çox şükürlər olsun. Bu günə görə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanlara Allah rəhmət eləsin. Orada nə gördüyümüzdən asılı olmayaraq bu bizim ən xoş günümüzdür”.
Zəminə Məmmədova ömrünün yarısını Ağdamda, yarısını isə Ağdamsız keçirib. 29 yaşında çıxdığı Ağdama illərin yaratdığı həsrətlə qayıdır: “Bizə yola çıxacağımız günü, saatı dediklərindən həyəcandan heç nə edə bilmirəm. Səfərdən öncəki gecəni isə yatmadıq. Doğma torpağa getmək hissini onun həsrətini çəkənlər daha yaxşı bilər. Bu sözlərlə ifadə oluna biləcək duyğu deyil. İstəyirəm ki, öz evimizə gedim. Bilirəm, oralar viran edilib. Amma həyətimizdən, kiçik də olsa, nəsə tapmaq, uşaqlarıma aparıb göstərmək istəyirəm”.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Nizami rayon filialının sədri Məhi Mehdiyev bildirib ki, yatsaq yuxumuzda da Ağdamı bu vəziyyətdə görməzdik. O gördüklərini sözlə ifadə etməkdə çətinlik çəkib. Tezliklə Ağdamın öz simasına qayıdacağına əminliyini ifadə edib.
Telman Abdullayev 37 il Ağdamda yaşayıb. “Bu vandalizmi dünyada heç bir millət etməz. Həm ürəyim xarab olur, həm də qürur hissi yaşayıram. Allah Prezindetimizi qorusun, onun siyasəti nəticəsində bu günü yaşadıq, torpağımızı gördük”.
Səfər edənlərdən bir çoxu uşaqlığı, gəncliyi keçən yerləri görmək istəsə də, sadəcə, dağıntılarla qarşılaşıb. Salman Qocayev Ağdam məscidinin yanında oturduğu, gəzdiyi parkda hərbi texnika üçün yer düzəldildiyinin, aptekin, qonaq evinin, univermağın tamamilə dağıldığını gördükdə dəhşətə gəlib. Fəridə Nikbur isə Ağdamda oxuduğu məktəbi yalnız xatirələrində canlandıra bilib.
Səfər edənlərin arasında, uşaqlığı, gəncliyi Ağdamda, Şuşada keçən sakinləri ilə yanaşı, oranı görməyən, haqqında böyüklərdən, kitablardan öyrənən gənclər də var. Gənc Musa Miriyev səfər zamanı yaşadığı təəssüratların qarışıq olduğunu deyib: “Hər bir Azərbaycan gəncinin xəyalı idi Şuşanı görmək. Kitablarda, böyüklərdən eşitdiklərimiz qədər Şuşanı bilirdik. İndi isə Şuşaya gedirik. Gənc nəsil ilk dəfədir mədəniyyət beşiyi Şuşanı görür”.
30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizin azad edilməsi, yenidən o yerlərə qayıtmaq arzusu yalnız qaçqın və məcburi köçkünlərin deyil, bütün soydaşlarımızın arzusu, gözləntisi olub. Ağdam və Şuşa səfərinə can atanlar arasında ağdamlı, şuşalı olmayanların vətəndaşların olması bunu deməyə əsas verir.
Bakı İncəsənət Gimnaziyasının müəlliməsi Ziyalə Murad Şuşanın işğaldan öncəki günlərinə qayıdacağına inandığını bildirib: “Şuşanın işğalına qədər şəhərdə canlanma var idi. Mənfur düşmənlər hər yeri talan edib, dağıdıb. Amma yenidən sakinlər doğma yurda qayıdacaq, yenidən canlanma olacaq. Şuşa mədəniyyət paytaxtı kimi, bütün dünyada tanınacaq”. Yol boyu göz yaşlarını saxlaya bilməyən Ziyalə Murad, şuşalı olmasa da, Azərbaycan vətəndaşı kimi bu qüruru yaşadığına görə çox xoşbəxt olduğunu bildirib.
Radji Güləmirovun qardaşı Vətən müharibəsi iştirakçısıdır. Şuşa istiqamətində olan döyüşlərdən birində yaralanıb. “Qardaşımın arzusu Şuşaya getmək idi. Hazırda müəyyən səbəblərə görə onu reallaşdıra bilmir. Bu səfərdə mən iştirak etdim. Azərbaycanın şanslı vətəndaşıyam ki, ilk reysin sərnişiyəm. Millətimizi bu qüruverici gün münasibətilə təbrik edirəm. Çox qürurverici hisslər yaşayıram. Hər kəsin bu hissi yaşamasını istəyirəm”, - deyə o bildirib.
Naxçıvan sakini isə mətbuatda Şuşa və Ağdama bilet satışını öyrənən kimi bu səfərin iştirakçısı olmaq üçün dərhal müraciət edib. O qeyd edib ki, illərdir qovuşmadığımız torpağa Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyəti, şəhidlərimizin və qazilərimizin hünəri sayəsində gedə bilirik.
Məhəmməd Məmmədov Şuşaya gedən ilk marşurutda həm ASAN könüllüsü, həm də ilk sərnişin olmaqdan qürur duyduğunu ifadə edib. “Şuşalı olmasam da, Vətən müharibəsi zamanı Ali Baş Komandandan hər an Şuşanın azad olunması xəbərini gözləyirdik. Bu xəbəri eşitmək bizə qismət oldu, nəhayət ki, Şuşaya gedirik”, - Məhəmməd Məmmədov duyğularını bu şəkildə ifadə edib.
44 günlük Vətən müharibəsi bizi 30 ilə yaxın işğal altında saxlanılan ata-baba yurdumuza qovuşdurdu. Məcburi köçkünlər Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə daim inanıb, onun qətiyyəti, siyasi iradəsi nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyini, doğma yurda qayıdacaqları günü inamla gözləyib. Artıq ümidimiz, inamımız reallığa çevrilib.
Nazilə XAQANİ