24.06.2025, 23:53
AZ EN
10.10.2022, 10:26 437

Ağdamın Xıdırlı kəndində sakinlərin yaşaması və məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq

QARABAĞ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfərləri zamanı təməli qoyulan yaşayış məntəqələrindən biri də Xıdırlı kəndidir. Erməni işğalçıları 30 ilə yaxın dövr ərzində işğal altında saxladıqları digər yaşayış məntəqələri kimi, Xıdırlı kəndini də talayıb, dağıdıb, məhv ediblər. Dövlət başçısının səfərindən sonra isə artıq Xıdırlının yeni - bərpa, inkişaf dövrü başlayır.

Bildirilir ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Dövlət başçısının Ağdam rayonuna səfəri zamanı bir sıra obyektlərin və yaşayış məntəqələrinin təməlini qoyması Xıdırlı kəndinin sakinləri tərəfindən də böyük rəğbət və sevinc hissi ilə qarşılanıb. Kənd sakini Rahil Allahverdiyev müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı Xıdırlı kəndinin də təməlini qoyması kənd sakinlərinin böyük sevincinə səbəb olub. Prezidentimizə dərin təşəkkürümü bildirir, uzun ömür, cansağlığı arzulayıram. Vətən torpağı uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Allah Azərbaycanı qorusun, bayrağımız daim uca olsun.

“Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı zəfərə xalq-iqtidar birliyi, dövlətimizin başçısının siyasi və hərbi bacarığı, ölkəmizin iqtisadi gücü və ən başlıcası isə xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamı və məhəbbəti nəticəsində nail oldu. Biz Prezidentimizlə fəxr edir, onunla qürur duyuruq. Prezidentin müharibənin gedişində cəbhədən xoş xəbərləri xalqa çatdırması hamıda böyük ruh yüksəkliyi yaratmışdı. Hər dəqiqə Prezidentimizdən xoş xəbərlər gözləyirdik. Biz qarabağlılar torpaqlarımızın işğaldan azad edilməsinə, alnımıza vurulmuş “köçkün” damğasını silinməsinə görə Prezidentimizə minnətdarıq.

Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Kəndimizin təməli qoyulub, tezliklə tikinti işlərinə başlanacaq. Kənddə görüləcək işlərlə tanış olduq. İnsanların yaşaması, məşğulluğunun təmin edilməsi üçün bütün tədbirlər görüləcək. Kənddə mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, yaradılacaq, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunacaq ki, bütün bunlar sakinlərin rahat və firavan yaşamasına hesablanıb. İndi biz səbirsizlilkə kəndimizin yenidən qurulmasını, ata-baba yurdumuza sevinclə qayıtmağımızı gözləyirik. Bütün bunlara görə Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”, - deyə o vurğulayıb.

AZƏRTAC

 

Oxşar xəbərlər