Görüşün məqsədi iki ölkənin ali təhsil ocaqları arasında elmi-tədris əlaqələrinin möhkəmləndirilməsi, birgə layihələrin icrası və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsidir.
Görüşdən əvvəl qonaqlar Qarabağ Universitetinin müasir texnologiyalarla təchiz olunmuş mühəndislik laboratoriyaları ilə tanış olublar. Qonaqlara laboratoriyalarda aparılan tədqiqat işləri, tələbə layihələri və universitetin innovasiya ekosistemi haqqında ətraflı məlumat verilib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və onları yenidənqurma prosesinin sürətlə davam etdiyi Xankəndi şəhərində qarşılamaqdan məmnunluq duyduğunu bildirib. Rektor çıxışında Qarabağ Universitetinin regionun elm və təhsil məkanında özünəməxsus yer tutduğunu vurğulayaraq bu cür əməkdaşlıqların Qarabağ Universitetinin inkişafında mühüm rol oynayacağını diqqətə çatdırıb. Ş.Bayramov qeyd edib ki, Qarabağ Universiteti beynəlxalq əməkdaşlıqlar vasitəsilə regional və qlobal təhsil şəbəkəsinin fəal iştirakçısı olmağı hədəfləyir.
Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, tədris proqramları, elmi-tədqiqat layihələri və mövcud əməkdaşlıq əlaqələri barədə təqdimatla çıxış edib. F.Əhmədov universitetin beynəlxalq tərəfdaşlıq strategiyası və birgə fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.
Yıldız Texniki Universitetinin rektoru Eyüp Debik iki qardaş ölkənin ali təhsil müəssisələri arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyindən bəhs edib. E.Debük ortaq tədqiqat layihələrinin hazırlanması, yay məktəblərinin təşkili, tələbə-müəllim mübadiləsi, eləcə də birgə laboratoriyaların yaradılması istiqamətində təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin İstanbul Texniki Universiteti və Gəbzə Texniki Universitetinin nümayəndələri də çıxış edərək birgə əməkdaşlığın elmi və texnoloji inkişaf baxımından faydalarına diqqət çəkiblər.
Çıxışlarda qeyd olunub ki, ortaq elmi konfranslar, forumlar və seminarlar vasitəsilə qarşılıqlı təcrübə mübadiləsi genişlənəcək.
Nümayəndə heyətinin üzvləri ilə faydalı müzakirələr aparılıb, hər üç universitetin qabaqcıl təcrübəsinin Qarabağ Universitetinə gətirilməsi məqsədilə atılacaq addımlar razılaşdırılıb.
Görüşün sonunda Qarabağ Universiteti ilə Yıldız Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tahirə AĞAMİRZƏ