Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüş iştirakçılarını salamlayan Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinin direktoru İradə Süleymanova universitetin yaranmasının 1 illiyi münasibətilə hər kəsi təbrik edib. İ.Süleymanova gənclərin könüllü fəaliyyətlərə qoşulmasının onların yeni bilik və bacarıqlara yiyələnməsi, eyni zamanda sosial sahədə uğur qazanmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, həmçinin elm, təhsil, sosial, idman, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr barədə danışılıb, İctimai Birliyin fəaliyyətində könüllülərin rolu, onların fərdi inkişafı üçün görülən işlər haqqında təqdimat və müxtəlif tədbirlərdə iştiraklarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsinin Xankəndi şəhəri üzrə nümayəndəsi Ceyhun Əzizov iştirakçılara təqdim edilib. C.Əzizov çıxışında könüllülük fəaliyyətinin müasir gənclərin sosiallaşması və fərdi inkişafındakı əhəmiyyətindən, könüllü kimi əldə etdiyi təcrübələrin ona qazandırdığı uğurlardan danışıb, gənclərə bu istiqamətdə tövsiyələrini çatdırıb, onları tələbəlik illərini daha yaddaqalan və səmərəli keçirmək, asudə vaxtlarını dəyərləndirmək üçün könüllü olmağa dəvət edib.
Tədbirin davamında “Regional İnkişaf” İctimai Birliyinin könüllü sıralarına qoşulmaq istəyən gənclərlə fərdi görüşlər keçirilərək qeydiyyatları aparılıb.
Tahirə AĞAMİRZƏ