Tədbir İncəsənət fakültəsinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, nazirin müavini İdris İsayev, Nazirliyin rəsmi şəxsləri və Xankəndi şəhər ictimaiyyətinin rəsmiləri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və universitetin bir illik fəaliyyətinə dair xüsusi məqamları qeyd edib. Rektor bu müddət ərzində əldə edilən nailiyyətlərdən bəhs edərək Qarabağ Universitetinin yalnız regionda deyil, ümumilikdə ölkənin təhsil sistemində önəmli rol oynadığını bildirib. Ş.Bayramov universitetin yaradılmasının Qarabağ bölgəsinin sosial-iqtisadi, xüsusən də təhsil və mədəniyyət sahəsinin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin qısa müddətdə böyük inkişaf yolu keçdiyini və universitetin təhsil, elm və innovasiya sahələrindəki fəaliyyətlərinin ölkə üçün əhəmiyyətli olduğunu bildirib. Nazir qeyd edib ki, universitetin tədris prosesi beynəlxalq səviyyədə tanınan standartlara uyğun təşkil edilir, həmçinin tələbələrə müasir və keyfiyyətli təhsil imkanları təqdim olunur. E.Əmrullayev Qarabağ Universitetinin fəaliyyətinin regionda təhsil və elm sahəsindəki islahatların bir hissəsi olduğunu diqqətə çatdırıb.
Konsertdə “Cadenza” Orkestrinin, İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərən tanınmış incəsənət xadimlərinin və tələbələrin ifasında milli mahnılarımız və görkəmli bəstəkarların əsərləri səsləndirilib.
Konsertdən sonra İncəsənət fakültəsinin sərgi zalında dekorativ-tətbiqi sənət və dizayn ixtisaslarının müəllimlərinin əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, Qarabağ Universiteti 28 noyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. (Trend)