Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Prorektor bildirib ki, Qarabağ Universiteti beynəlxalq təcrübəyə və müasir təhsil proqramlarına əsaslanan tədris həyata keçirir. O qeyd edib ki, ali təhsil müəssisəsi tələbəyönümlüdür və tədrisdənkənar fəaliyyətin çoxşaxəli olması prioritetlər sırasındadır.
Əmanətlərin Sığortalanması Fondunun Ümumi işlər departamentinin direktor müavini və mətbuat katibi Emil Bayramov əmanətlərin əhəmiyyəti, əmanət yerləşdirilməsi zamanı nələrə diqqət edilməli və risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən onların təsirinin minimuma endirilməsi yolları ilə bağlı ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Fondun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi “Əmanətlərin sığortalanması sisteminin təkamülü”, “Risklərin idarə edilməsi, yaşıl maliyyə və yeni risklər” mövzularında çıxış edib. C.Rayi sığortalanan əmanətlərə dair əsas statistik məlumatları diqqətə çatdırıb.
Sonra Fondun Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə “Qanunvericiliyin əmanətlərin sığortalanması sistemində rolu”, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev isə “Böhran zamanı kommunikasiyanın rolu” mövzularında çıxış ediblər.
Qeyd edək ki, tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Xüsusi test proqramı vasitəsilə keçirilən sessiyaya 100 nəfər tələbə qoşulub. Sonda iştirakçılar arasından 10 qalib seçilərək mükafatlandırılıb.
Tahirə AĞAMİRZƏ