22.11.2024, 07:06
AZ EN
08.10.2024, 15:16 242

Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib

QARABAĞ

TDT ölkələri arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb

  • Türk Dövlətləri Təşkilatının (TDT) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib. Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.

Əvvəlcə Türk Dövlətləri Təşkilatının fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr edilən videoçarxlar nümayiş olunub.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ötən həftə Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Bildirilib ki, Təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur. Birgə səylər çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib.

Kubanıçbek Ömüralıyev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib. Baş katib müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın gələcək işinə mühüm təkan verəcəyini vurğulayıb: “Səhiyyə sahəsində əməkdaşlığımızda mühüm nailiyyət kimi biz səhiyyə nazirlərinin “Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması və “2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı”nın təsdiq edilməsi qərarını alqışlayırıq”.

Tədbirin açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb. O, Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” sözlərini xatırladıb.

TDT-nin üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin vacibliyini qeyd edən Teymur Musayev bunun səhiyyə sahəsində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratdığını bildirib. Qeyd edib ki, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Prezident İlham Əliyev Təşkilata üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin prioritetləri arasında olduğunu vurğulayıb.

Transplantologiyanın müasir tibbin ayrılmaz hissəsi olduğunu qeyd edən Teymur Musayev deyib: “Bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolunun imzalanmasına şahidlik edəcəyik”.

Nazir Təşkilata üzv və müşahidəçi ölkələrin birgə fəaliyyətinin əsas istiqamətləri kimi Vahid tibb elmi məkanının yaradılmasının, birgə elmi tədqiqatların aparılmasının, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsinin, davamlı tibbi təhsilin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb: “Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir. Bütün bunları nəzərə alaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində imzalanan birgə sənədlərin müddəalarının qısa zamanda koordinasiyalı icrasının üzv ölkələrin səhiyyə sistemlərinin mümkün təhdidlərə qarşı dayanıqlığını artıracağına və vahid standartlara əsaslanan səhiyyə ekosisteminin formalaşmasına əməli dəstək verəcəyinə inanırıq”.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov vurğulayıb ki, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra regionda genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Onun sözlərinə görə, azad edilən digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının ən qabaqcıl standartlara uyğun olaraq inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygar və Macarıstanın nümayəndəsi Türk Dövlətləri Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar. Yerbol Ospanov çıxışında TDT-nin üzv və müşahidəçi ölkələrini Qazaxıstanın İlkin tibbi-sanitariya yardımı (İTSY) üzrə Dövlətlərin Koalisiyasının yaradılması təşəbbüsünü dəstəkləməyə və Koalisiyaya qoşulmağa dəvət edib. Onun sözlərinə görə, Koalisiya profilaktika və sağlamlığın qorunması prinsiplərini təşviq etmək, eyni zamanda, İTSY-nin inkişafı üçün birgə tövsiyələr hazırlamaq məqsədilə yaradılacaq.

Təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, həmçinin Türktransplant sisteminin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndiriblər.

Daha sonra ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib. Tədbirin mahiyyətini vurğulayan Hans Henri Kluge iclasın işinə uğurlar arzulayıb.

Tədbir çərçivəsində “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb. Çıxışçılar sənədin mahiyyətini qeyd edərək, müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulayıblar. Həmçinin TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra Anlaşma memorandumları imzalanıb. Sənədlər tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR