- Qarabağ Universitetinin ilk tələbələrindənəm. Universitetdə “SABAH” qrupunda maliyyə ixtisası üzrə təhsil alacağam. Qarabağ Universitetinin ilk tələbələrindən biri kimi Prezidentimizin qarşısında çıxış etməkdən böyük qürur hissi duyuram. Dünən görüşdə Prezidentin qarşısında çıxış etdim, ona Qarabağ Universitetində yaradılan şəraitə, yataqxanalara görə təşəkkürümü bildirdim. Bu, həyatımda unudulmaz bir an olacaq. Bunun üçün xoşbəxtəm.
Bunu Qarabağ Universitetinin tələbəsi Rauf Penceyev söyləyib.
O, Xankəndi şəhərində və Qarabağ Universitetində yaradılan şəraitdən məmnunluğunu ifadə edərək deyib: “Artıq beş gündür buradayam. Xankəndi şəhərinin bəzi yerləri ilə tanış olmuşam. Şəhər də, havası da çox gözəldir. Universitetdə, yataqxanada da tələbələr üçün çox gözəl şərait yaradılıb. Fəxr edirəm ki, Qarabağ Universitetində təhsil alacağam”. (AZƏRTAC)