08.06.2025, 16:44
AZ EN
13.06.2024, 15:29 508

“Şuşa qalası” broşürlar seriyasının növbəti təqdimatı olub

QARABAĞ
  • “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı”na uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin apardığı təbliğat-izahat və təşviqat işləri çərçivəsində çap etdirdiyi “Şuşa qalası” broşürlar seriyasının Şuşa Rayon İcra Hakimiyyətində təqdimatı keçirilib. Tədbirdə icra hakimiyyətinin rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini, ictimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini, dogma yurdundan didərgin düşmüş bütün həmvətənlərimiz kimi şuşalılara da vaxtilə Ulu Öndər Heydər Əliyevin, sonra isə onun layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğı göstərdiyini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həllinə daim dəstək verdiyini bildirib. Şuşanın işğaldan azad edilməsinə və hazırda sürətlə yenidən qurulmasına görə dövlətimizin başçısına şuşalılar adından təşəkkür olunub. Öz həyatlarını qurban verərək, xalqımıza Zəfər sevinci yaşadan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Şuşa şəhərinin Azərbaycan xalqının tarixində və qəlbində xüsusi yer tutduğu, onun zəngin maddi-mənəvi irsinin dirçəldilməsi və zənginləşdirilməsi üçün hazırda məqsədyönlü tədbirlər həyata keçirildiyi, bərpa quruculuq-işlərinin mədəni-dini abidələri də əhatə etdiyi bildirilib. Qarabağ tarixinin tanınmış tədqiqatçısı, yazıçı-publisist Vasif Quliyevin müəllifliyi ilə hazırlanmış və yüksək poliqrafik səviyyədə Azərbaycan və ingili dillərində çap etdirilmiş “Şuşa qalası” broşürlar seriyasının hazırkı mərhələdə mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Ölkəmizin mədəniyyət paytaxtı kimi Şuşaya həm yerli, həm də xarici qonaqların böyük maraq göstərdiyi, səfərlər etdiyi vurğulanaraq, original tərtibatda və oxunuş üçün asan formatda çap edilmiş broşürların onlar üçün yaxşı bir hədiyyə olduğu diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, broşürlar qədim şəhərin tarixi barədə gənc nəslin məlumatlandırılması üçün yeni bir mənbədir.

Təqdimat mərasimində YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Azərbaycanın Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayon sektorunun müdiri Nadir Bayramov, Şuşa Rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin sədri Mədinə Abbasova, 122 saylı Xankəndi seçki dairəsinin sədri Ağalar Əliyev və başqaları çıxış edərək, Dövlət Komitəsinin “Şuşa qalası” broşürlar seriyasını nəşr etdirmək təşəbbüsünü və müəllifin yaradıcı əməyini yüksək qiymətləndirib, hər bir seriyanın özlüyündə ayrıca bir tədqiqat işi olduğunu, bütün broşürların isə birlikdə qədim şəhərin tarixini dolğun işıqlandırdığını deyiblər. İndiyədək Qarabağ tarixinə dair 30-dan çox kitab yazıb çap etdirmiş Vasif Quliyev yaradıcılığına verilən dəyərə görə minnətdarlığını bildirib, Dövlət Komitəsi ilə əməkdaşlığın davam etdiyi, “Şuşa qalası” seriyasından bu il Azərbaycan və ingilis dillərində daha 10 adda broşürun nəşrinə hazırlıq görüldüyü barədə məlumat verib.

Tədbir iştirakçılarının hər birinə nəfis şəkildə qablaşdırılmış broşürlar dəsti təqdim edilib.

Oxşar xəbərlər