İşğaldan əvvəl Xocalı kənd təsərrüfatı rayonu olub. Burada heyvandarlıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik inkişaf edib. Bu gün azad Xocalı üçün də bunu deyə bilərik. Çünki burada yaradılmış Aqroparkda kənd təsərrüfatı inkişaf edir. Aqroparkın 28 hektar ərazisində ferma fəaliyyət göstərir. 55 hektarında isə sıra-sıra zoğal ağacları əkilib. Təsərrüfatın sahibi isə əslən Xocalıdan olan Sadiq Mədətovdur.O, doğma torpağında sahibkarlıq fəaliyyəti üçün müraciət edib və fevral ayından Aqroparkın sahibidir. Xocalı hadisələrinin şahidi Sadiq Mədətov deyir ki, mənim 32 illik həsrətimin sona çatmasıyla bərabər xəyalım da gerçəkləşib: “Fermada səliqə-səhman, quruculuq işləri aparılır. 1000 baş hal-hazırda xırdabuynuzlu heyvan, 35 baş isə iribuynuzlu mal-qara var. Fikrimizdə tutmuşuq ki, xırdabuynuzlu heyvanın sayını yaxın günlərdə 2 min başa çatdıraq. İribuynuzlu mal-qaranın sayı isə hardasa 2 yüz baş olacaq. İlk əvvəl biz südçülük nəzərdə tutmuşuq. İndi 35 baş mal-qara gətirmişik ki, görək nə effekt verəcək.
Qeyd edək ki, gələcəkdə Xocalı, Xankəndi və digər ətraf rayonların ət və süd məhsulları ilə təmin olunması bu Aqroparkın üzərinə düşəcək. Fermanın yanında salınan zoğal bağında isə ağaclara mövsümə uyğun aqrotexniki qaydada qulluq edilir. Ərazidə tər tökərək çalışanlar da elə Xocalı sakinləridir.
Sadiq Mədətov əlavə edib ki, Burda da şum işləri, mala işləri aparılır. Suvarma sistemləri qurulur. 55 hekdardı bu bağ. Gördüyünüz kimi hal-hazırda burda işçilər çalışır. Çalışıcayıq ki, bu ağacların heç biri qurumasın, inkişaf eləsin.
Aqroparkda həmçinin tutçuluq təsərrüfatı da inkişaf etdirilir. Doğma sakinlərinin yolunu gözləyən Xocalıda kənd təsərrüfatının da bu cür inkişafı gələcək xoş günlərin xəbərçisidir.
Hazırladı: Tahirə AĞAMİRZƏ