22.11.2024, 00:32
AZ EN
16.02.2024, 12:25 284

Minaaxtaran qadın: İstəyirəm ki, keçmiş məcburi köçkünlərimiz bu torpaqlarda təhlükəsiz yaşasınlar

QARABAĞ
  • İşğaldan azad olunmuş ərazilərdə minaaxtaran kimi fəaliyyət göstərmək olduqca qürurvericidir. Hərbçilərimizin qan tökərək azad etdikləri torpaqlarda onlardan sonra ilk addım atan bizlərik.

Bunu Ağdam rayonunda minatəmizləmə əməliyyatlarında iştirak edən Arzu Cavadlı deyib.

“Bakı Dövlət Universitetinin ekologiya fakültəsini bitirmişəm. Diplom işimdə atom bombası ilə bağlı mövzu da vardı. Ondan sonra tələbə yoldaşlarım məni “atom bombası Arzu” adlandırmağa başladılar”, - deyən Arzu bildirib ki, bu sahəyə tələbəlik illərindən marağı olub.

44 günlük müharibədən sonra minaaxtaran vəzifəsinə xanımların da qəbul edildiyini öyrənən həmsöhbətimiz sənədlərini toplayaraq müraciət edib və hazırda iş başındadır.

A.Cavadlı işlərinin çətin, məsuliyyətli və təhlükəli olmasına baxmayaraq artıq alışdıqlarını, öhdəsindən uğurla gəldiklərini bildirib: “Ötən ilin iyun ayında üç həftəlik təlimlərə cəlb olunduq. Təlim müddətində bir qədər çətinliyimiz oldu. Belə ki, yay olduğundan isti idi, bu işə öyrənməmişdik, bizə çətin gəlirdi. Bir müddətdən sonra həm istiyə, həm də çətinliyə öyrəndik. Artıq heç bir çətinliyimiz yoxdur. İşimiz çətin, məsuliyyətli və təhlükəli olsa da, öhdəsindən uğurla gəlirik. Əsasən piyada əleyhinə minalar aşkar olunur. Nəqliyyat əleyhinə olan minalara da rast gəlinir”.

“Biz burada humanitar missiya həyata keçiririk” – deyən Arzu, arzusunu da dilə gətirir: “İstəyirəm ki, keçmiş məcburi köçkünlərimiz bu torpaqlarda təhlükəsiz yaşasınlar. Bu, elə bir hissdir ki, bütün çətinlikləri, yorğunluqları aradan qaldırır”.

Qeyd edək ki, “Qadın minaaxtaranlar layihəsi” Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu ilə birgə həyata keçirilir.

2020-ci ilin noyabr ayından bəri Azərbaycanda Ermənistan hərbçiləri tərəfindən basdırılmış mina və partlamamış hərbi sursatların qurbanlarının sayı 345-ə çatıb. (AZƏRTAC)

Oxşar xəbərlər