Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan "Weblə kəşf edirəm öyrənirəm, tətbiq edirəm" adlı layihənin yekun nəticələri müzakirə edilib.
59 nömrəli məkəbdə keçirilən tədbirdə Füzuli rayon Təhsil sektorunun, nümayəndələri, təhsil üzrə ekspert, layihə rəhbəri, müəllim və şagirdlər iştirak ediblər. Layihə rəhbəri Aytəkin Bayramova bildirib ki, 4 ay davam edən və iki məktəbdə tədris olunan 15 təlimdə 30 şagird mövzu üzrə biliklərə yiyələnib.
Layihənin əsas məqsədi şagirdlərdə dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artırmaqdan, kəşf etmək bacarığını formalaşdırmaqdan ibarət olub. Təlimlərdə iştirak edən şagirdlərə “Web 2” alətləri ilə işləmək, İKT bacarığını mütəmadi olaraq təkmilləşdirmək, həmçinin “Etwining” portalında işləmək, “Kahoot” ilə interaktiv və əyləncəli testlər hazırlamaq kimi bacarıqlar aşılanıb.
Ekspert Vəfa Vəliyevanın sözlərinə görə, son bir ildə qrant müsabiqədə qalib olan layihələrdən yeddisi məhz Füzuli rayonu üzrə məktəblərdə tədris edilib. Təlimlərdə iştirak edən şagirdlər bir çox bacarıqlara sahib olublar. Qarşıdakı hədəf isə qalib layihələr üzrə təlimlərin işğaldan azad olunan Füzuli şəhərində yerləşən məktəbdə tədris edilməsidir.
Layihə üzrə təlimlərdə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub. (AZƏRTAC)