Məntəqə seçki komissiyasının sədri Raqil Əlizadə bildirib ki, seçki məntəqəsi saat 7:50-də müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib. Məntəqə üzrə qeydə alınan 526 seçici səhər saatlarından etibarən seçki məntəqəsinə gəlir, öz konstitusion hüquqlarından istifadə edirlər. Seçki prosesini 13 yerli müşahidəçi izləyir.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 105 saylı məntəqə Şuşa şəhərində, 106 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqə Xocalı rayonu, Əsgəran qəsəbəsində, 108 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində yaradılıb.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir. (AZƏRTAC)