"Vətən səsi" xəbər verir ki, bu fikirləri “secki-2024.az” saytına açıqlamasında 84 saylı Füzuli seçki dairəsinin sədri Ramiz Teymurov bildirib.
Dairə sədri vurğulayıb ki, cari ilin fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Füzuli şəhərində 3 seçki məntəqəsi fəaliyyət göstərir: “Ümumilikdə dairə üzrə 77 məntəqəmiz var. Onlardan 52-si rayonun ərazisində, 3-ü isə yenidən inşa edilən Füzulinin özündə yerləşir. Bütün məntəqələrimizdə seçkilərə hazırlıq prosesi ən yüksək səviyyədə həyata keçirilib, seçicilərə bildirişlərin göndərilməsi yekunlaşıb”.
Dairə sədri, həmçinin Füzuli şəhərində əhalinin daimi məskunlaşdırılmasının fevralın 7-də burada yerləşən məntəqələrdə yüksək seçici fəallığını təmin edəcəyini bildirib.
Özbəkistanın Azərbaycana hədiyyəsi kimi inşa edilmiş Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb binasında fəaliyyət göstərən 75 saylı məntəqədə də seçicilərin rahat, sərbəst və şəffaf şəraitdə səs vermələri, həmçinin müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılıb.
Məntəqə sədri Ləman Məstalıyevanın sözlərinə görə, yeni, müasir infratruktura malik bina məntəqənin öz fəaliyyətini bütün standartlara uyğun qurmasına imkan verir: “Təchizat və təminat məsələləri ən yüksək səviyyədə həll edilib, hazırlıq işləri yekunlaşıb. Füzulilər sevinc və həyəcanla seçki gününü gözləyirlər”.
S.Süleymanova