Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən regionda olan texnikaların yenilənməsi, texnikaların lizinq yolu ilə əldə edilməsi, satış qaydaları, mövsüm zamanı texnikaların istifadəyə götürülməsi, texnika ehtiyat hissələri ilə təminat və digər məsələlərlə bağlı olub. “Aqroservis” sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. “Aqroservis” sədri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. (AZƏRTAC)