21.11.2024, 20:42
AZ EN
02.12.2023, 21:25 252

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur

QARABAĞ
  • Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Laçın rayonu 1992-ci il mayın 18 də Şuşa şəhəri və Ermənistan ilə həmsərhəd istiqamətdən hücuma keçən mənfur erməni quldurları tərəfindən işğal olunub. 1924-cü ildə təsis edilən Laçın rayonunun ərazisi 1,84 min kvadratmetrdir. İşğaldan əvvəl 65,430 nəfər əhalisi olan laçınlılar 28 il ərzində Azərbaycanın müxtəlif bölgələrdə çox çətin şəraitdə yaşayıblar. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Ordumuzun ermənilərə qarşı əks-hücum əməliyyatı zamanı Ermənistanın illər ərzində qurduğu mühəndis istehkam sistemləri dağıdıldı. Beləliklə, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi.

Bu barədə ehtiyatda olan polkovnik Ələsgər Ağayev açıqlamasında deyib.

Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri rayondan çıxarmaqla Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi. Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət götürdüyü hərbi texnikanın qiyməti bir neçə milyard dollar idi.

2020-ci il dekabrın 1-də erməni işğalı altında olan son rayonumuz Laçın Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək olar ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda Azərbaycan bayrağının dalğalanması bizə şərəf verdi.

“İşğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. Beləliklə Vətən müharibəsi Azərbaycan Ordusunun Qələbəsi ilə yekunlaşdı. İşğalçı erməni silahlı birləşmələri Ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bununla da 28 il işğal altında olan Laçın rayonu qəsbkarlardan azad edildi. 2020-ci ilin dekabrın 1-də Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu və orada bayrağımız ucaldıldı.

Laçının şəhid vermədən azad olunması ölkəmizin ictimai-siyasi həyatında parlaq tarixi hadisə idi

Azərbaycanın ərazi cəhətdən ən böyük rayonlarından biri olan Laçının şəhid vermədən erməni işğalından azad olunması ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisə idi. Ali Baş Komandan İlham Əliyev iqtisadi, hərbi diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu. Bu model özünü doğrultdu. Bununla da Azərbaycan dövləti yeni hərbi siyasi reallıq yaratdı. Ermənistan tərəfi Laçın rayonunu onlara dəhliz kimi verilməli olduğu mövqedən çıxış edirdi. Lakin dövlətimizin başçısı dəfələrlə bildirirdi ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qaytarılmasa heç bir razılaşma ola bilməz. Əslində biz hər birimiz tam əmin idik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu torpaqlarımızı mütləq düşmən tapdağından azad edəcək. Biz hərbçilərin isə buna heç bir şübhəsi yox idi. Ancaq uzun müddət Murovdağ silsiləsi - Kəlbəcər istiqamətində xidmət etmiş bir zabit olaraq, bu ərazilərin çətin relyefinə çox yaxşı bələd idim. Düşmənin bu istiqamətlərdə, strateji yüksəkliklərdə çoxpilləli və uzunmüddətli atəş mövqeləri qurması Vətən müharibəsində də özünü göstərdi”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Ələsgər Ağayev bildirib ki, sadəcə Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində düşmən beş müdafiə xətti qurmuşdu. Bu sədlərin açılması üçün biz müəyyən itkilər verdik. Düzdür biz bir güllə belə atmadan Laçını qaytardıq. Nəyinki Laçını, eləcədə Ağdam və Kəlbəcərin də danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi Qələbəsidir. Düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Ordusunun cəbhədə qazandığı qeyri-şərtsiz Qələbənin məntiqi davam idi. Laçın rayonu ölkənin ən böyük rayonlarından biridir. Strateji cəhətdən əhəmiyyətli olduğu qədər də iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu rayon iqtisadi baxımdan geniş təbii sərvətlərə və iqtisadi imkanlara malikdir. Əlbəttə Laçın rayonunun bizə qaytarılması tarixi məsələdir. Düzdür biz düşməni məcbur etdik, artıq o uçurum kənarında idi. “Dəmir yumruq” artıq onun başının üstündə idi. Onun başqa yolu yox idi. Əks təqdirdə tamamilə məhv olacaqdır. Biz buna nail olduq.

Bu ilin aprelində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması bizim üçün mühüm tarixi hadisə oldu. Üçrəngli dövlət bayrağımızın sərhəddə dalğalanması bizim üçün müqəddəs gündür. Artıq Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Hər kəs bilməlidir ki, sərhədlərimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı qanunun aliliyinin də tələbidir.

“Laçın rayonuna əhali qayıdırsa demək orda sakit, rahat ömrünü yaşamalıdır. Bunu beynəlxalq hüquq da, Azərbaycanın qanunları da tələb edir. Azərbaycan dövləti əhalisinin tam təhlükəsiz yaşaması üçün erməni terrorçularından qorumaq üçün bütün sərhədboyu strateji yüksəkliklərdə dayaq məntəqələri yaradıb. Digər qoşun növləri ilə qarşılıqlı əlaqədə hazırda işlər davam etdirilir. Düşmənlə dövlət sərhədi boyunca müdafiə və mühafizə tədbirləri davam etdirilir. Yeni hərbi hissələr və birləşmələr yaradılır. Döyüş postlarına yollar çəkilir. Bu yaxın günlərdə müdafiə naziri tərəfindən yeni istifadəyə verilən Hərbi Hospital və yeni Hərbi Hissənin açılışı oldu.

İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dayanmadan hərbi sahədə quruculuq işləri davam etdirilir. Sərhədboyu tikilən taqım, bölük dayaq məntəqələrinə yollar çəkilir, işıqlandırma xətləri çəkilib, mövqelərdə qısa hazırlıq tam başa çatdırılıb. Şəxsi heyətin məişət şəraiti yaxşılaşdırılıb. Sığınacaqlarda istilik sobaları quraşdırılıb. Bir sözlə şəxsi heyətin döyüş növbətçiliyini aparması üçün bütün infrastruktur yaradılıb. Qışa hazırlıq bütün yay boyu aparılıb. Ön xətdə xidmət edən zabit və gizirlərin normal xidmət aparması üçün bütün infrastruktur yaradılıb. Zabit gizirlərin peşəkarlıq səviyyəsinin artırılması üçün onları Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kurslarına göndərilirlər. Vətən müharibəsindən sonra Ordu quruculuğunda yeni islahatlar həyata keçirilir. Belə ki, Orduya yeni müasir silah və sursat, PUA-lar, son modernləşmiş hərbi texnika alınır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur sıfırdan qurulur. Bu ərazilər minalardan təmizləndikdən sonra tikinti şirkətlərinə təhvil verilir. Genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Yeni tikilən evlərə Böyük Qayıdış Proqramına əsasən məcburi köçkünlər köçürülür”, - deyə Ələsgər Ağayev əlavə edib. (AZERTAC)

Oxşar xəbərlər