Füzuli Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə məcburi köçkün ailələrinin məskunlaşdıqları Birinci Zobucuq qəsəbəsində səyyar-qəbul görüşü keçirilib.
AZƏRTAC-ın məlumatına görə, görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Səyyar qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bu cür görüşlərin Prezident İlham Əliyevin tapşırığı ilə mütəmadi keçiriləcəyini bildirib. Qeyd edilib ki, 1554 nəfər əhalinin yaşadığı Birinci Zobucuq qəsəbəsinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün növ imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1455 nəfərə hər ay vahid aylıq müavinət ödənilir, 11 ailəyə ünvanlı sosial yardım təyin edilib, 12 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Birinci Zobucuq qəsəbəsində 11 şəhid ailəsi, 9 Qarabağ müharibəsi əlili var. Qəsəbə sakinlərindən 104 nəfərə yaşa görə, 18 nəfərə əlilliyə görə, 4 nəfərə ailə başçısını itirməyə görə pensiya və müavinət verilir. Qəsəbə sakinlərindən 234 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 182 fərdi əməklə məşğul olur.
Səyyar qəbulda rayon Elektrik Şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Sahəsi, Su-Kanal İdarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.
Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər yerindəcə həll edilib, digərlərinin həlli üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.