20.04.2025, 10:39
AZ EN
07.09.2023, 14:00 320

Separatçılar Xankəndidə fövqəladə iclas keçirdi

QARABAĞ
  • Araik Arutyunyanın istefaya göndərilməsindən sonra Xankəndidə yaranmış “hakimiyyət” böhranı Qarabağda separatçıları çətin vəziyyətdə qoyub.

“Vətən səsi” xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun erməni xidməti - “Azatutyun” məlumat yayıb. Bildirilir ki, Rusiya sülhməramlıların müvəqqəti nəzarət zonasına aid Azərbaycan ərazilərində özlərinə qondarma “hökumət” quran separatçılar mövcud vəziyyətdən çıxmağın yollarını axtarmaq üçün fövqəladə iclas keçiriblər. Separatçı rejimin qondarma “prezidenti” səlahiyyətlərini icra edən, qanunsuz “parlament” sədri David İşxanyanın rəhbərliyi altında keçirilən iclasda “hakimiyyət” böhranının həlli məsələləri müzakirə olunub. Həmçinin və guya, Azərbaycan hökumətinin “blokada”da saxladığı Qarabağ bölgəsində humanitar vəziyyətin nizama salınması üçün işçi qrup yaradılıb.

Toplantıda qondarma “müdafiə naziri” Kamo Vardanyan “artsaxın təhlükəsizliyini və müdafiəsini təşkil etmək üçün atılan addımlar barədə məlumat verib. Qanunsuz “dövlət naziri”, hazırda “prezident”liyə əsas namizəd sayılan Samvel Şahramanyan isə müşavirə iştirakçılarına “humanitar fəlakət”in aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. O, bununla bağlı özünün hazırladığı yeni təklifləri separatçı liderlərə təqdim edib, qondarma artsaxın xilas edilməsi naminə atılacaq addımları açıqlayıb.

Fövqəladə toplantıda həmçinin şənbə gününə planlaşdırılan qondarma “prezident seçkiləri” ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Bildirilib ki, bu məsələdə əsas yük qondarma “parlament”də təmsil olunan “deputatların” üzərinə düşür. Buna görə də onlar ümumerməni maraqlarına uyğun olaraq “prezidentliyə” namizədlər arasında ən “layiqlisini” dəstəkləməli və yeni çağırışlara cavab verən aktivlik nümayiş etdirməlidir.

Xatırladaq ki, Araik Arutyunyanın istefaya göndərilməsindən sonra onun “prezident”  səlahiyyətlərini icra edən David İşxanyan terrorçu “Daşnaksütyun” partiyasının Xankəndindəki əsas nümayəndəsi kimi tanınır.

Qarabağdakı separatçılar özlərinə yeni rəhbər “seçmək” üçün “parlament”də səsvermənin sentyabrın 8-də keçiriləcəyini elan etmişdilər. Ancaq dünən qərar dəyişib və “seçkilərin”  bir günlüyə təxirə salınması, “səsvermənin” şənbə gününə təyin edilməsi razılaşdırılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər