44 günlük Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edən qəhrəmanımız Prezident təqaüdü və mənzillə təmin olunub. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyi tərəfindən “avtoçilingər” zərfi üzrə aktivlərlə təmin olunub.
Həsənov Şiraz Elbrus oğlu Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. O, deyir ki, bizim ən birinci arzumuz düşmənini əlində olan ərazilərimizi azad etmək və suverenliyimizi bərpa etmək idi: “Bunun üçün biz hər zaman dövlətimizin qayğısı ilə böyüdük və bunun üçün xüsusi hazırlaşdıq, təlimlər keçdik. Mən özüm də 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərə qatıldım.
Əsas tapşırığımız Şuşa əməliyyatını yerinə yetirmək idi. Mən Şuşada iki dəfə yaralandım. 2020-ci il noyabrın 7-də Şuşaya bayraq taxıldı. Azərbaycan Respublikasının himni və Azanımız oxundu. Hər kəs, hətta düşmən də gördü ki, Şuşada bayrağımız dalğalanır. Noyabrın 8-dən 9-na keçən gecə ağır yaralılar olaraq Hadruta gəldik, Hadrutda bizə tibbi yardım göstərildi. 9-u səhər isə bizi Hadrutda Füzuli rayonunun mərkəzi xəstəxanasına gətirdilər. Ordan isə Bakı şəhərinə müalicə almaq üçün göndərdilər. Hospitalda müalicə aldıq.
Mən dövlətimizin diqqət və qayğısı sayəsində Prezident təqaüdü ilə, evlə, avtoçilingər aparatı ilə təmin olundum, Məşğulluğa cəlb olunduqdan sonra “avtoçilingər” aparatı ilə təmin olundum.
Əlilliyi olan şəxslərə demək istəyirəm ki, heç vaxt həvəsdən düşməsinlər. Həmişə fəxr etsinlər. Bizim içimizdə ən ağır yaralılar da var ki, onlar bugünkü gündə gözlərini, ayaqlarını, əllərini itiriblər. Amma buna rəğmən onlar hər zaman fəxr etməlidirlər ki, biz Vərtınimiz üçün öz sağlığımızdan keçmişik. Bir Vətən övladı, döyüşçüsü kimi bu bizim Vətənə olan borcumuzdur. Mən də fəxr edirəm ki, öz torpağımız uğrunda döyüşmüşəm, yaralanmışam və bu Vətənin övladı olduğum üçün qürur duyuram”.
Tahirə AĞAMİRZƏ