23.12.2024, 19:41
AZ EN
13.07.2023, 18:00 280

Füzulidəki prezident məktəbi necə olacaq?

QARABAĞ
  • Özbəkistanın dövlət büdcəsi hesabına işğaldan azad edilmiş Füzuli şəhərində 960 yerlik məktəb binası tikilir. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, Özbəkistanın Füzuli rayonunda böyük məktəb tikintisi təşəbbüsü iki ölkə arasında həmrəylik, dostluq və qardaşlıq əlaqələrinin daha bir təzahürüdür.

Tikinti sürətlə davam edir və məktəbin bu il istifadəyə verilməsi nəzərdə tutulur. O, Özbəkistanda artıq hər bir regionda fəaliyyət göstərən prezident məktəblərinin standartlarına cavab verəcək. Özbəkistanda prezident məktəbləri Prezident Şavkat Mirziyoyevin təşəbbüsüdür. 2019-cu ildən etibarən bu məktəblərdə təhsil almaq üçün ən istedadlı və zəkalı şagirdlər seçilir.

Özbəkistanda prezident məktəbinə qəbul 5-ci sinifdən həyata keçirilir. Bunun üçün bir neçə seçmə mərhələdən keçmək tələb olunur: onlayn ərizə təqdim edilir, daha sonra riyaziyyatdan test imtahanı verilir, növbəti mərhələdə isə namizədlər tənqidi düşüncə və ingilis dili üzrə imtahandan keçirlər.

Hər il prezident məktəbinə minlərlə namizəd arasından ən istedadlı 24 şagird qəbul edilir. Şagirdlərin günü son dərəcə məhsuldar keçir: səhər saat 08:30-dan 15:30-a qədər tədris prosesi davam edir, saat 16:00-dan sonra isə şagirdlər üçün müxtəlif dərnəklər təşkil edilir ki, onlardan bəziləri, o cümlədən üzgüçülük məcburidir. Valideynlər övladlarının nailiyyətləri və qiymətləri haqqında onlayn-forma vasitəsilə öyrənirlər. Qiymətlər faizlə göstərilir ki, bu baxımdan ən yüksək göstərici 100 %-dir. 

Müəllim heyəti həm yerli, həm də ABŞ, Pakistan, Hindistan, İordaniya və digər ölkələrdən olan xarici müəllimlərdən ibarətdir. Riyaziyyat, kimya, biologiya, fizika dərslərində yerli və xarici olmaqla daim 2 müəllim iştirak edir. Azərbaycanda olduğu kimi, dərslər 45 dəqiqə davam edir və interaktiv formada keçirilir. Prezident məktəbində həmçinin “Qlobal perspektivlər” kimi fərqli bir fənn də tədris olunur. Bu dərsdə şagirdlər iqlim dəyişikliyi, iqtisadi böhran kimi dünya problemlərini müzakirə edir, onların həlli üçün öz ideyalarını irəli sürməyə çalışırlar.

Bu təhsil müəssisəsində nizam-intizama ciddi riayət olunur, lakin eyni zamanda, şagirdlərə tədris prosesini “idarə etmək” hüququ verilir: məktəbin şagirdlər arasından seçilən prezidenti məktəbdə sosial məsələlərlə məşğul olur. Qeyd edək ki, şagirdlər həftənin 5 günü məktəbin yataqxanasında qalır və yalnız həftəsonları oranı tərk edirlər.

Dərnəklərə xüsusi diqqət ayrılmalıdır. Riyaziyyat, tarix, idman üzrə adi seçmə fənlərdən əlavə debat, aktyorluq, musiqi dərnəkləri var ki, burada klassik alətlərlə yanaşı, şagirdlərə Özbəkistanın milli alətlərində ifa etmək öyrədilir.

Bundan əlavə, məktəbin öz hovuzu, terrası, kiçik amfiteatrı, stadionu var. Buranın atçılıq arenasında həftədə iki dəfə atçılıq dərsləri keçirilir. Prezident məktəbində şagirdlərin öz jurnallarını nəşr etdirdiyi mətbəə, həmçinin radiokanal fəaliyyət göstərir. Şagirdlər asudə vaxtlarında müəllimləri və ya məktəbin qonaqları ilə müsahibələr təşkil edirlər.

Məktəb öz məzunları ilə fəxr edir, onlar Avropanın və ABŞ-ın ən yaxşı universitetlərinə qəbul olunurlar. Məktəbdə IELTS (International English Language Testing System) üçün orta bal 9,0-dan 7,5 bal təşkil edir. ("Report")

Oxşar xəbərlər