Telefon danışığı əsnasında Prezident İsxak Hersoq Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib.
İsrail Prezidenti səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.
Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini vurğulayıb. Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İsxak Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.