Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına Milad bayramı münasibətilə ünvanladığı məktubda belə deyilir. Dövlət başçısı qeyd edib ki, bu gün dünyada mültikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir.
"Cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər", - məktubda bildirilib.