Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qubadlıda “Azərişıq” ASC-nin 35 kilovotluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı yarımstansiya və idarərtmə mərkəzinin təməlini qoydu. Qeyd edək ki, Qubadlıda inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovotluq “Qubadlı” yarımstansiyasından qidalanacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə təlabatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində müasir dispetçer idarəetmə sistemi və rəqəmsal şəbəkə modeli tətbiq ediləcək.
“Qubadlı şəhər” 34/0,4 kilovotluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Cəbrayıl şəhər” 35/0,4 kilovotluq yarımstansiya əlaqələndirmə xətləri qurulmaqla, “Hadrut” qovşaq yarımstansiyaları arasında dairəvi təchizat sxemi təmin ediləcək. Eyni zamanda, “Qubadlı şəhər” və “Cəbrayıl şəhər” 35/0,4 kilovotluq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrəli kabel xəttinin çəkilməsi ilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin olunacaq.
Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində “Yaşıl enerji” mənbələrinin qurulması nəzərdə tutulub. Mərkəzin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə işləmək imkanına malik olacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ