Dövlətimizin başçısı məktubunda qeyd edib: “Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyirəm”.
Prezident İlham Əliyev bildirib ki, şərəfli ömür yolu ilə örnək olan Kraliça ümumbəşəri ideallara daim sadiq qalaraq, möhkəm dəyanət, yenilməz iradə və qətiyyət nümayiş etdirərək Birləşmiş Krallığın xoşbəxt gələcəyi yolunda misilsiz xidmətlər göstərmiş, Vətəninə hədsiz bağlılığı və məhəbbəti ilə bütün dünyada böyük nüfuz və rəğbət qazanmışdır.
2009-cu ildə Kraliça ilə görüşünü hər zaman ən xoş təəssüratlarla xatırlayacağını vurğulayan dövlətimizin başçısı bir daha Əlahəzrətə, onun ailə üzvlərinə, Birləşmiş Krallığının bütün xalqına dərin hüznlə başsağlığı verib.